“Petkim Holding” ittihamlara cavab verdi

  • 24 Sentyabr, 2020 09:30
“Petkim Holding” ittihamlara cavab verdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “Petkim Holding” son günlər ona qarşı Almaniyanın “Deutsche welle” nəşrində çirkili pulların yuyulması üzrə beynəlxalq təhqiqatçı “FinCen Files”in irəli sürdüyü iddialara cavab verib.

"Finans.az" xəbər verir ki, şirkət bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) açıqlama yayıb.

Açıqlamada deyilir ki, şirkət və bu iddiaların mövzusu olan “Petrokim Trading Ltd” arasında pul köçürmələri tamamilə neft-kimya məhsullarının ticarəti ilə əlaqədardır və adi ticarət əlaqələri daxilində olub.

"Bu ticarət bütün müvafiq qanunlara uyğun olaraq həyata keçirilib. Şirkətimiz beynəlxalq sanksiyalara məruz qalan ölkələrlə və ya qurumlarla heç bir fəaliyyət göstərməyib. Ticarət fəaliyyətimizə görə bu günə qədər heç bir sanksiya və məhdudlaşdırma tətbiqi yoxdur”, - deyə açıqlamada qeyd olunub.

"Petkim Holding" həmçinin bəyan edib ki, “Petrokim Trading Ltd.” “SOCAR Group”undan portfelindən 2018-ci ildə çıxıb və hal-hazırda onunla mülkiyyət əlaqəsi yoxdur.

Xatırladaq ki, son günlər çirkili pulların yuyulması üzrə beynəlxalq təhqiqatçı “FinCen Files” təşkilatı Azərbaycanın Türkiyədəki törəmə şirkəti olan “Petkim Holding”in Suriya ilə neft biznesi ilə bağlı qoyulan embarqoya baxmayaraq, bu ölkədə neft ticarətinin davam etdirdiyini iddia edib.


Mənbə: report.az