Pambıqçılıqla bağlı builki planlar açıqlandı

  • 29 May, 2019 10:42
Pambıqçılıqla bağlı builki planlar açıqlandı

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) baş direktoru Kamran Nəbizadə rəhbərlik etdiyi qurumum tabeliyindəki “Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən pambıq istehsalı emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu rayona səfər edib.

"Finans.az" xəbər verir ki, bu barədə ASK-nın Mətbuat xidmətindən məlumat verilib.

Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə tanış olub və görülən tədbirlərin zamanın tələblərinə uyğun olaraq vaxtında həm də keyfiyyətlə başa çatdırılmasını tövsiyyə edib.

Bu il məhsul yığımı mövsümündə zavodda 72 500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul olunaraq, emala veriləcək. Zavodda Ağcabədi rayonu üzrə 10 000 ton, Ağdam rayonu üzrə 1 500 ton, Tərtər rayonu üzrə 3 375 ton, Goranboy rayonu üzrə 3 000 ton, ümumilikdə 17 875 ton pambıq tədarük və emal olunacaq.

Hal-hazırda zavodda köhnə, sıradan çıxmış avadanlıqların demontajı həyata keçirilir. Bununla yanaşı təmir-bərpa və yeni avadanlıqların alınması istiqamətində də mühüm tədbirlər planı reallaşdırılır. Yeni, müasir tələblərə cavab verən pambıq emalı zavodunun kütləvi pambıq tədarükü dövrü ilə eyni vaxtda işə salınması planlaşdırılır.

“Azərpambıq ASK” builki təsərrüfat mövsümü ilində 15 rayonda 29 001 hektarda pambıq əkini aparıb. Qarşıya qoyulan məqsəd isə hər hektarda minimum 25 sentner pambıq məhsulu istehsal etməklə məhsuldarlığın ildən-ilə artırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq yığılmış xam pambığın vaxtında emal edilməsi üçün köhnə zavodlarda yenidənqurma işlərinin aparılması və müəssisələrin işçi qüvvəsinin artırılması nəzərdə tutulur. Bu, həm də regionlarda yeni iş yerlərinin açılmasına şərait yaradacaq.


Mənbə: report.az