Oymaçı rəssam: “Azərbaycana gələn turistlərin 90%-i məndən milli ornamentli suvenir alır”

  • 5 Noyabr, 2018 12:35
Oymaçı rəssam: “Azərbaycana gələn turistlərin 90%-i məndən milli ornamentli suvenir alır”

“Finans.az” bu dəfə “İtən sənət” rubrikasında oymaçı rəssam, insanların “qızıl əllər” adı ilə tanıdığı Asif Qasımovla müsahibəni təqdim edir.

Asif Qasımov Azərbaycan Milli Paralimpiya Komitəsinin Avarçəkmə üzrə idmançısıdır. 2014-cü ildən oymaçı rəssam kimi fəaliyyət göstərir.

Bu sənətlə məşğul olmayan insanın oymaçı olması üçün nə qədər zaman lazımdır?

Bu sənəti öyrənmək uzun zaman alır. Mən özüm oyma sənətini 3 ilə öyrənmişəm. Sənət elə bir şeydir ki, onun dərinliklərinə varmaq mümkün deyil. 50 il də işləyəndə belə, insan hər gün nəsə öyrənir.

Hansı alətlərdən istifadə edirsiniz?

İstifadə etdiyimiz yonma alətləri və bıçaqdır.

Hansı ağacla işləmək daha rahatdır?

Ən çox işlətdiyim çökə ağacıdır. Çökə ağacı yumşaqdır. Bundan əlavə qırılma ehtimalı olmur. Bıçağı harada saxlasan, orada da qalır. Məsələn Ağ şam çətin ağacdır. Bir az işlədikdən sonra ağac öz-özündən paralanır. Amma çökə elə deyil. Bir çox böyük tabloları məhz çökədən işləyirəm. Onunla paralel olaraq qoz, fıstıq, palıd, göyrüş, bəzən ağ şam ağacları ilə işləyirəm.

Xaricdə yetişən ağaclardan istifadə edirsinizmi və onların hansı üstün xüsusiyyətləri var?

Elə ağac var ki, Azərbaycanda ondan yoxdur. Biz həmin ağacı xaricdən gətizdiririk. Venqeri ağacı bizdə yetişmir. Göyrüş ağacı ölkəmizdə yetişsə də tünd rəngdə olur. Mən daha çox ağ rəngdə olanı işlədirəm. Ona görə də göyrüş ağacını Ukraynadan, Rusiyadan gətizdirirəm.

Bir əsərin hazırlanmasına nə qədər zaman sərf edirsiniz?

Ən kiçik işi hazırlamağa4-5 saat vaxt lazım olur. Amma elə iş var ki, 6-10 ay zaman ala bilər. Məsələn, ağac üzərində Allah sözü əks olunan əsərimə təxminən 18 gün vaxt sərf etdim. O işin nə qədər incəlik tələb etməsindən də asılıdır. Elə ola bilər ki, o bir günə də işlənə bilər. Ondan daha da kiçik ölçüdə olan bir işə aylarla vaxt sərf edə bilərəm. Bu işin üzərində olan incəlik və naxışlardan asılıdır. Tətbiqi sənətin ən incə detalıağaca bəzək verməkdir.

İşlənmə xüsusiyyətinə görə ağaclar bir-birindən fərqlənirmi?

Bəli, hər ağacın özünün işlənmə xüsusiyyəti var. Çökə ağacı kimi şam və qoz ağacının üzərində işləyə bilməzsən. Hətta hər ağaca görə əsəri bitirmək qaydası var. Yəni, ağacın üzərində olan xətləri tutub işləməlisən. Bu zaman həm əsər keyfiyyətli olacaq, həm də qırılmayacaq.

Ağacdan hazırlanan əsərlərin saxlanma şəraiti və davamlılığı nə zamana qədərdir?

Əsərə orta hava mühiti tələb olunur. Bunlar sırf təbii ağacdan hazırlandığı üçün saxlanmada heç bir çətinliyi və qorxusu yoxdur. Müəyyən hallarda yapışqanda problem ola bilər. O da ustadan asılıdır. Mən çalışıram elə bir yapışqandan istifadə edim ki, yağışlı havada qopmasın. Bundan başqa heç bir çətinlik olmur. Əsər əsasən bütöv bir ağacdan hazırlanır. Yəni, hansısa əlavə ağacdan yapışdırılmır, bərkidilmir. Bir iş sona qədər bir ağacdan hazırlanır. Rütubətli şərait olmazsa, yüz il keçsə belə, yeni əsər kimi qalacaq.

Təkcə milli ornamentli suvenir hazırlayırsınız, yoxsa dünya mədəniyyəti nümunələrini də taxta üzərində əks etdirirsiniz?

Xeyir, millilikdən əlavə başqa işlərim də olur. Ölkəyə gələn turist öz ölkəsinə məxsus hansısa atributu bizdə görəndə çox sevinir və alıb aparır. Əsərlərimdə ölkələrin milli mədəniyyətlərinə toxunuram.

Əsərləriniz hansısa xarici ölkədə nümayiş edilib?

Dünyanın 150-dən çox ölkəsində əsərim var. Elə bir millət, ölkənin nümayəndəsi yoxdur ki, ona işlərimi satmayım. Azərbaycana gələn turistlərin 90%-i məndən milli ornamentli suvenir alır.

Əsərlərə turistlər daha çox maraq göstərir yoxsa yerli vətəndaşlar?

Mənim işim elə bir işdir ki, həm yerli sakinlər, həm də turistlər böyük maraq göstərir. Azərbaycana aid milli üslubda işlədiyim işləri daha çox turistlər bəyənib, alırlar. Yerli sakinlər də turistlərdən geri qalmır. Təbii ki, əsərlərə münasibətə millətlər arasında fərq var. Bu istər-istəməz qiymətə münasibətdə də özünü təsir göstərir. Düşüncələr müxtəlifdir. Bəziləri əziyyətimi fikirləşib qiymətin çox ucuz olduğunu deyir. Elə insan da var ki, bahalıqdan şikayətlənir.

- Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ilə birgə sərgidə iştirak etdiniz. İstərdim bu haqda məlumat verəsiniz.

Bu “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” II gənclər sərgisi idi. Sərgidə hər birimizin çox sevdiyi, dəyərli Leyla xanım Əliyeva da iştirak edirdi. Sərgi ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tullantılardan hazırlanan əsərlərin sərgisi idi. Leyla xanım mənim bir neçə sərgimdə iştirak edib, əsərlərimi çox bəyənir. Hətta əsərlərimdən də alıb.

İllərin və zövqlərin dəyişməsi sizin hazırladığınız əsərlərə də təsir edirmi?

Zövqlər müxtəlifdir. Gənclər və orta yaşlı insanları müxtəlif əsərlər maraqlandırır . Gənclər daha çox üzərində adlar əks olunan, kiçik musiqi alətləri və digər əsərlərə maraq göstərirlər. Orta yaşlı insanlar isə daha çox düşündürücü əsərlər alırlar. Hətta eləsi olur, gəlib əsərə baxaraq onu taxta parçası adlandırır. Bu kimi kobud fikirlər bəzən mənə pis edir. Amma bir qədər düşünəndən sonra onları da qınamıram. Demək onların düşüncələri bura qədərdir. Elə insan da var əl işinin nə demək olduğunu anlayır. Hansı zəhmət, əziyyətlə başa gəldiyini dəyərləndirir.

Oyma sənətinə gənclərin marağı nə dərəcədədir? Öyrənmək üçün sizə müraciət edən olubmu?

Müraciət edən həddindən çoxdur. Sadəcə, mənim şəxsi emalatxanam olmadığı üçün çox az şagird qəbul edirəm.

Müasir texnikanın inkişafının sizin sənətinizə hansı müsbət və ya mənfi təsiri var?

Son illər texnikanın bu dərəcədə sürətli inkişafı bizim sənətimizə də öz müsbət və mənfi təsirini göstərir. Müsbət təsiri odur ki, hansısa bir taxtanı kəsməyə, yonmağa, hamarlamağa vaxtımız az gedir. Mənfi cəhəti isə, məsələn, on günə ərsəyə gətirdiyim və müəyyən dəyər qoyduğum əsərin eyni ilə bənzərini müasir texnikanın imkanı ilə daha da ucuz və tez bir zamanda hazır etmək olur. Bu zaman əl əməyinin dəyəri itir. Amma insanlar unutmasınlar ki, əl əməyi müasir texnikanın edə bilməyəcəyi işləri edir.

Nigar Adil