Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

  • 16 Yanvar, 2020 13:50
Ötən il TANAP-la 2,8 mlrd. kubmetr qaz nəql edilib

Ötən il Azərbaycan təbii qazın ixracını 23% artıraraq, 11,6 mlrd. kubmetrə çatdırıb.

“Finans.az” xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, SOCAR öz imkanları ilə hasil etdiyi təbii qazın əsas hissəsini daxili bazarın tələbatına yönəldir. İxracın artımı isə beynəlxalq şirkətlər konsorsiumunun istismar etdiyi “Şahdəniz” qaz-kondensat yatağında hasilat səviyyəsinin yüksəlməsi ilə bağlıdır. 2019-cu ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac olunub.

Türkiyə bazarına ümumilikdə 9,2 mlrd. kubmetr, o cümlədən, Cənub Qaz Dəhlizi və TANAP vasitəsi ilə 2,8 mlrd. kubmetr təbii qaz çatdırılıb. Beləliklə, Azərbaycanın ümumi qaz ixracında Türkiyə bazarının payı 79% təşkil edib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Gürcüstan bazarına Azərbaycan təbii qazı Qazıməmməd-Qazax kəməri və Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edir.


Mənbə: report.az