Azərbaycanın xarici dövlət borcu yarım milyard dollar azalıb

  • 14 Mart, 2019 16:30
Azərbaycanın xarici dövlət borcu yarım milyard dollar azalıb

1 yanvar 2019-cu il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 8,927.1 milyon ABŞ dolları (15,176 milyon manat) təşkil edir.

"Finans.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bir il ərzində Azərbaycan Respublikasının xarici dövlət borcu 5,01% və ya 471.2 milyon ABŞ doları (801 milyon manat) azalıb.

Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19% (2018-ci il üçün hesablanmış 79,797.30 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.