Orxan Məmmədov: "Yeni investisiya təşviq mexanizmləri tətbiq olunacaq"

  • 19 Sentyabr, 2019 13:50
Orxan Məmmədov:

Mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün maliyyə mənbələrinə əlçatanlıq və bu çıxışın asanlaşdırılması, eləcə də investisiya fəaliyyətinin təşviq olunması məqsədilə KOBİA tərəfindən bir sıra tədbir və layihələr həyata keçirilir.

"Finans.az" xəbər verir ki, bunu Bakıda keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019” çərçivəsində təşkil olunmuş “Maliyyə, İnvestisiya və KOB” sahəsinə dair sessiyada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədov deyib ki, hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir: "Belə ki, fəaliyyət profillərinə uyğun olaraq, KOB-ların layihələri üzrə “İnvestisiya təşviqi sənədi”nin verdiyi vergi güzəştləri və imtiyazlar haqqında aktiv maarifləndirmə tədbirləri həyata keçirilir. Bundan başqa, bu layihələrə xarici investisiyaların cəlb edilməsi məqsədilə müxtəlif tərəfdaş partnyorlarla danışıqlar aparılır. Artıq uğurlu nəticələr də var və bir neçə yerli şirkətlərimiz bu imkanlardan bəhrələnib".

Yeni investisiya təşviq mexanizmlərinin tətbiqi istiqamətində də işlərin davam etdiyini və yaxın dövr ərzində KOB-ların bu imkanlardan geniş istifadə edəcəyini vurğulayan Orxan Məmmədov bu mexanizmlər barədə də məlumat verib. Bildirilib ki, Agentliyin təşəbbüsü ilə Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə KOB-lar və startaplar üçün yeni imtiyaz və güzəştlər nəzərdə tutulub, o cümlədən KOB klaster şirkəti anlayışı və müvafiq stimullaşdırıcı tədbirlər Məcəlləyə daxil edilib: "Bir müddət əvvəl isə KOB klaster şirkətinin və KOB klaster iştirakçılarının meyarları təsdiq olunub. Bu mexanizmin tətbiqi ilə müvafiq fəaliyyət istiqamətləri üzrə yaradılacaq KOB klaster şirkətləri 7 il müddətinə vergisiz fəaliyyət göstərəcək və ciddi imtiyazlardan istifadə edə biləcəkdir. Bundan başqa, KOBİA tərəfindən startaplara veriləcək şəhadətnamə onları 3 il müddətinə gəlir və ya mənfəət vergisinden azad edəcək. Hazırda bu istiqamətdə iş aparılır".

O.Məmmədov qeyd edib ki, bu yaxınlarda isə KOB-lara dəstək məqsədilə daha bir mexanizm işə salınıb: "Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarının aparılması Qaydası” təsdiq olunub. Bu dəstək mexanizmindən mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanacaq. Təhlillər onu göstərir ki, rəqabətqabiliyyətli məhsul istehsalını təşkil etmək üçün keyfiyyətli şəkildə bazar araşdırılmasının aparılması vacibdir və bu öz növbəsində KOB-lar üçün ciddi xərclərə tələb yaratdığı üçün bəzən maraqlı layihələrin reallaşdırılması mümkün olmur. Lakin bu mexanizmin tətbiqi sayəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-ni, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin isə 50%-i dövlət tərəfindən qarşılanacaq".

Onun sözlərinə görə, orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmindən ödənişsiz olaraq təlimlər və seminarlar keçirilməklə və müəyyən edilən sahələrdə mütəmadi informasiya dəstəyi göstərilməklə faydalanacaqlar: "Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 min manata qədər olacaq. Hesab edirik ki, daxili bazar araşdırmalarına dəstək mexanizmi KOB-ların investisiya fəaliyyətini stimullaşdıracaq və onların biznes ideyalarının reallaşdırılmasına mühüm töfhə verəcək".


Mənbə: report.az