Orta aylıq əməkhaqqı 3% artıb

  • 11 Fevral, 2019 14:11
Orta aylıq əməkhaqqı 3% artıb

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən illə müqayisədə 1,6% artaraq 1548,9 min nəfər olub.

"Finans.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,6%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,4%-i sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3% artaraq 544,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.