"OPEC+" iştirakçılarının iclası həftəsonu keçirilə bilər

  • 6 iyul, 2021 14:07

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin görüşü bu həftənin sonunda baş tuta bilər.

“Finans.az”ın məlumatına görə, bu barədə RİA "Novosti" razılaşma üzrə nümayəndə heyətlərinin birində olan mənbəyə istinadən bildirib.

Onun sözlərinə görə, "OPEC+" razılaşması iştirakçıları arasında qeyri-rəsmi danışıqlar davam edir.

"Onlar (qeyri-rəsmi danışıqlar – red.) dayandırılmayıb. İclasa gəldikdə, iştirakçılar müzakirələrin tezliklə başlanmasının tərəfdarıdır, böyük ehtimalla, görüş həftəsonu baş tut bilər. Düşünürəm ki, konsensus əldə olunacaq. Bu, ümumi problemlərdir və onları həll etmək lazımdır", - mənbə qeyd edib.

Xatırladaq ki, 1-2 iyul tarixlərində keçən danışıqlar zamanı tərəflər konsensusa gələ bilməyib və müzakirələri 5 iyul tarixində davam edəcəyi barədə qərar verilib. Lakin, iyulun 5-də də danışıqlar baş tutmayıb. Razılığın əldə olunmamasının əsas səbəbi kimi razılaşmanın müddətinin uzadılması məsələsi və bununla bağlı BƏƏ-nin mövqeyi göstərilir.

Qeyd edək ki, "OPEC+" ölkələri gündəlik neft hasilatının artırılması və razılaşmanın müddətinin 2022-ci ilin sonunadək (hazırda razılaşma 2022-ci ilin aprelin axırına kimi olan müddəti əhatə edir – red.) uzadılması məsələlərini müzakirə edir.


Mənbə: apa.az