OPEC-in Azərbaycanda gündəlik neft hasilatı üzrə - PROQNOZU

  • 12 Fevral, 2020 17:52
OPEC-in Azərbaycanda gündəlik neft hasilatı üzrə - PROQNOZU

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb.

“Finans.az” xəbər verir ki, bu il Azərbaycanda gündəlik neft hasilatı 0,01 mln barel artacaq.

Daha öncə təşkilatın proqnozunda bu il üçün ölkədə gündəlik orta neft hasilatının 0,79 mln barel olacağı deyilirdi. Yeni proqnoza əsasən, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,8 mln barel olacaq.

Hesabatda qeyd edilir ki, ötən il ərzində Azərbaycanda ortalama neft hasilatı 0,02 mln barel azalaraq 0,79 mln barel təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barel olub. Bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib. Gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin dekabrın 9-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.


Mənbə: report.az