Onlayn ticarət və xidmət erası: bu sektorda yer almağın vaxtı çoxdan çatıb

  • 7 Oktyabr, 2019 14:37
Onlayn ticarət və xidmət erası: bu sektorda yer almağın vaxtı çoxdan çatıb

Müasir insanın həyatı elə internetdə keçir. Virtual məkandan diş həkiminin, stilistin növbəsinə yazıla, naharı sifariş edə, marketdə vaxt itirmədən qida məhsullarını evə yönləndirə bilərik.

Hətta sevdiyin xanıma gül axtarmağa da ehtiyac yoxdur, kuryer lazım olan zamanda buketi mənzil başına çatdırar.

İş adamları da bazarda baş verən proseslərə uyğunlaşaraq biznesi internetdən idarə etməyə üstünlük verirlər. Virtual reallıqda işini düzgün quran şəxslərin həm xərci azalır, həm də xidmətin səviyyəsini artırmaq olur. Artıq onlayn ticarət və xidmət erasıdır: bu sektorda yer almağın vaxtı çoxdan çatıb.

Bəs yerli şirkətlər onlayn biznesdən hansı səviyyədə yararlanır?

Tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova "Finans.az"a açıqlamasında bildirib ki, şirkətində idarəetmə və nəzarət sistemində daim istifadə olunan rəqəmsal texnologiyaya böyük əhəmiyyət verilir:

“Müasir dünyada uğurlu olmaq istəyirsənsə, deməli zamanla ayaqlaşmalısan. Azərbaycanda СRM sistemini tətbiq və aktiv istifadə edən yeganə gözəllik salonu şəbəkəsi, məncə, bizik. Müştərilərin bundan rahat yararlanmasına şərait yaratmışıq. Şirkətin bütün əməkdaşları elektron ünvan vasitəsilə növbəti günlərə növbəyə yazılan hər bir müştəri barəsində məlumat alırlar. “Call center Beauttech” sistemi də xidmətin keyfiyyətinə nəzarət edir.

Sosial şəbəkə də irəliləmə və satışın artması üçün mühüm platformadır. Bir sıra biznes sahibləri bununla işlərini bitmiş sayır, amma layiqli şirkətin mütləq rəsmi saytı olmalıdır. Gözəllik salonlarının 90 faizinin belə saytı yoxdur. Biz saytımızı son dövrdə 3 dəfə yeniləyərək təkmilləşdirmişik. Yeni versiya rəqəmsal marketinqin tətbiqində böyük rol oynayacaq. Apple və Android platformaları üçün bizim mobil həlləri də yeniləyirik. Yaxın zamanda onları təqdim edəcəyik”.

Tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova

“Mən də müxtəlif proqram və onlayn dərslərin fəal istifadəçisiyəm. Yenilikləri internetdən izləyirəm, onlayn platforma və forumlarda faydalı bilik toplayıram”.


İşgüzar xanım CRM sistemin müştəri bazasına tam nəzarət etməyə imkan verdiyini vurğulayıb:

“Zəng gələrkən, kimin müraciət etdiyini bilirik. Müştəriyə təqdim etdiyimiz bonus kartına avtomatik olaraq ödənilən məbləğin 5 faizi qaytarılır. Sonra onlardan yararlanmaq olar.

Call Center vasitəsilə reallaşan xidmətdən əlavə Instagram və Facebook sosial şəbəkələrindən də növbəyə yazılmaq olar. Mobil tətbiqimiz hazır olandan sonra müştərilər profil yaradaraq onlara göstərilən xidmət, salona gəldikləri zaman barədə məlumatı görə biləcəklər”.

Elnarə Nəhmədova qeyd edib ki, müasir biznes insanı hər gün texnoloji savadı artırmağa sövq edir:

“Mən də müxtəlif proqram və onlayn dərslərin fəal istifadəçisiyəm. Yenilikləri internetdən izləyirəm, onlayn platforma və forumlarda faydalı bilik toplayıram”.

Azərbaycanda onlayn bal satışı ilə məşğul olan şirkətin təşkilati şöbəsinin rəhbəri Fidan Kərimova bildirib ki, hər zaman texnoloji trendləri izləməyə və uyğunlaşmağa çalışırlar:

“Günümüzü texnologiyasız təsəvvür etmək çox çətindir. Şirkət olaraq hər zaman texnoloji trendləri izləyib uyğunlaşmağa çalışırıq. Biznes proseslərin avtomatlaşdırılması şirkətimizdə prioritet istiqamətlərdən biridir. Saytımız 2016-cı ildən fəaliyyət göstərir, Azərbaycanda onlayn ödənişi, həmçinin taksit kartlarla ödənişi dəstəkləyən, yeganə bal saytıdır. Müasir dünyada tətbiq olunan “e-commerce” praktikasını da tətbiq edirik. Yaxın 1 ayda “Mr.Bee onlayn bal platforması” fəaliyyətə başlayacaq. Hər bir müştəri ölkənin istənilən regionundan saytımızda qeydiyyatdan keçən arıçıdan birbaşa bal və arıçılıq məhsullarını sifariş edə biləcək”.

Azərbaycanda onlayn bal satışı ilə məşğul olan şirkətin təşkilati şöbəsinin rəhbəri Fidan Kərimova

“Günümüzün müştəriləri artıq yalnız mağazaya gedərək alış-veriş etmir, vaxtına qənaət edərək, iş yerində və ya evdə onlayn sifarişi həyata keçirir”.


Fidan Kərimova bildirib ki, rəqəmsal dünyada sosial media marketinq sahəsinin əhəmiyyəti günü-gündən artır:

“Ölkəmizdə inkişaf etməkdə olan sahələrdən biri də budur.Sosial şəbəkə kanallarının inkişaf etdirilməsi marketinq strategiyamızın əhəmiyyətli hissəsini təşkil edir. Facebook, İnstagram, Twitter, Linkedin və Youtube kanalları vasitəsilə məhsul və mövcud kampaniyalar barədə məlumatı hədəf kütləyə ötürürük.

Təxminən 100-ə yaxın A kateqoriyalı iri market şəbəkəsində təmsil olunuruq. Günümüzün müştəriləri artıq yalnız mağazaya gedərək alış-veriş etmir, vaxtına qənaət edərək, iş yerində və ya evdə onlayn sifarişi həyata keçirir. Ümumiyyətlə, market şəbəkəsi və onlayn satış tamamilə fərqli satış kanallarıdır. Hər iki satış kanalında istər xidmət, istərsə də məhsul prinsipləri fərqli olduğu üçün, gəlirlilik baxımından onları müqayisə etmək düzgün deyil. Ən sadə bir misal gətirim, müştəri 1 balon bal almaq üçün adətən marketə üz tutmur. Bunun üçün saytımıza daxil olur, sifariş verir, biz də qeyd olunan ünvana çatdırırıq, özü də pulsuz. Onlayn müraciətlərin sayı isə getdikcə artır, biz nağdsız ödənişi stimullaşdırmaq üçün müxtəlif alətlərdən – “cashback” sistemindən istifadə edirik”.

Şöbə rəhbəri qeyd edib ki, şirkət mobil tətbiqi bu ay müştərilərinin istifadəsinə verəcək:

“Artıq hər kəs mobil tətbiqimizi yükləyərək məhsul sifariş edə biləcək. Ödəniş şəklindən asılı olmayaraq, şirkətimiz Bakı üzrə 24 saata müştərinin sifarişini istədiyi ünvana pulsuz çatdırır. Bundan başqa, müştərilərimizə daddırma xidməti də təklif edirik. Məhsulun nümunəsi müştəriyə çatdırılma zamanı təqdim olunur, ağız dadına uyğun olub-olmadığı və digər məqamlar müəyyənləşdikdən sonra müştəri məhsulu sifariş verir. Müştəri nümunəni bəyənmədiyi halda isə, məhsul təmənnasız geri qaytarılır.

Dünya təcrübəsinin uyğun çağırışlardan xəbərdar olmaq üçün, müxtəlif beynəlxalq və yerli tədbirlərdə, sərgilərdə, elmi konfranslarda və biznes forumlarda iştirak etməyə çalışırıq. Xarici bazara çıxmaq üçün dünya trendlərinə uyğunlaşmalıyıq, xarici müştərinin istədiyi fərqli olur, həm qablaşma, həm də sertifikatlaşma baxımından. Hər bir xarici müştərinin istəyini reallaşdırmağa çalışırıq”.