Ondan işçi olmayacağını anlayandan sonra öz şirkətini qurdu

  • 1 Noyabr, 2018 11:36
Ondan işçi olmayacağını anlayandan sonra öz şirkətini qurdu

"Finans.az" "Uğur formulu"nun budəfəki rubrikasında "Tedbirli.com", "Xariceget.com" kimi layihələrin təsisçisi, "Webinno Agency"nin direktoru, gənc startapçı Fərid Məhərrəmli ilə olan müsahibəni təqdim edir.

- Bu işi qurmadan öncə nə işlə məşğul olurdunuz bir az ondan bəhs edin?

Kəndin palçıqlı yerindən çıxıb, Bakıya gəlib universitetə daxil olmaq, oradan Avropaya getmək mənim qazandığım ilk uğur idi. Əvvəl Bakı mənim üçün 10 ildə bir dəfə gördüyüm böyük, uzaq bir şəhər kimi gəlirdi. Sonra hazırlığa getmədən kollecə qəbul oldum, daha sonra Bakının ən prestijli universitetlərindən birinə qəbul olaraq təhsilimə orda davam etdim. Oxuya-oxuya həmçinin ictimai sosial həyata başladım, özümə çevrə yığdım, hansıki indi kariyeramda bunun üstünlüklərini hiss edirəm.

- Necə oldu ki, bu biznesə gəldiniz?

Elə o dövrlərdən özümdə sahibkarlıq, təşəbbüskarlıq ruhunu kəşf etməyə başladım. İlk anladığım o oldu ki, məndən heç vaxt işçi olmaz. Amma mən insanları başıma yığa bilər, onların məsuliyyətini öz üzərimə götürə bilər, onlara yol göstərə bilərəm. O zamanlar öz layihəmi hazırlayıb insanları xaricə göndərən bir şirkət qurdum və hal-hazırda da fəaliyyətinə davam edir. Sonra marketinq sahəsinə gəldim və zamanla gördüm ki, mən məhz bu sahəyə aidəm.

- Bu biznesi yaradanda hansı maddi, mənəvi məqsədləriniz var idi?

Birmingem Universitetinin bir araşdırmasında deyilir ki, insanın gördüyü işi onun beyni ilə əlaqəlidir. İnsan beyni 3 hissədən ibarətdir. Sözəl, rəqəmsal və görsəl. Sözəl adamlar daha çox ədabiyyatyönümlü olur. Onlardan yaxşı yazar, publisist müəllim çıxır. Rəqamsal beyinlərdən bank işciləri, mühasiblər, veb-dizaynerlər, görsəl beyinlərdən isə memarlar, rəssamlar, heykəltaraşlar və s. Mən bu işə başlamadan bilirdim ki, mənim beynim sözəldir. Sonra beynimdə "Məndən işçi olar, yoxsa sahibkar?", sualını müəyyənləşdirdim və bütün bunları təhlil edib məqsədimi müəyyən etdim. Tək məqsədim olmaq istədiyim yerdə olmaq idi. Sonra bir neçə şirkətdə könüllü işləməyə başladım. Hal-hazırda “Webinno Agency”nin direktoruyam və marketinq xidmətləri veririk. Tək məqsədimiz ölkədə brendmeykerliyi yaymaq və onun nə olduğunu göstərməkdir.

- Bu işinə qədər sərmayə ilə qurdunuz? Ziyanınız olub?

Mənim hər bir işə başlamazdan əvvəl həmişə bir prinsipim olub. "Mən bu işi sərmayə olmadan və yaxud minumum sərmayə ilə necə qura bilərəm?". Bizim üçün əsas işdir, tək məqsəd marketinq sahəsini daha da inkişaf etdirməkdir. Amma indi maddi sıxıntılarımız var. İqtisadi məsələlərdən dolayı maliyyə sıxıntılarımız yaranır. Çoxlu xərclərimiz olur. Bir zamanlar taksi şirkətləri çoxalan kimi indi hər kəs agentlik açır və marketoloq olur. Buna rəqabət kimi də baxmaq olmur. Rəqabət bazarın keyfiyyətini qaldırır, amma bu vəziyyət isə bazarın vəziyyətini getdikcə aşağı salır. Ölkənin marketinq sahəsi 1 manat 50 qəpiklik dönər səviyyəsindədir.

- Gündə neçə saatı işinizə ayırırsınız?

İşi həddindən artıq çox sevən adamam. İşimiz səhər saat 11:00-da başlayır. Məlum bir vaxt yoxdur, daim bizdə iş gedir. Məncə insanlar işlərini o qədər sevməlidir ki, işdən zövq almalıdır saata baxıb işin bitmə saatını gözləməməlidir.

- Bir startapçı kimi sizi motivasiya edən ən önəmli faktorlar nədir?

Məncə insanın həyatında ilham aldığı insanlar olmalıdır. Mənim həyatımda ilham aldığım 3 insan var. Bunlardan biri idmançıdır, biri elm adamı, digəri isə biznesmen. Birincisi Richard Bransondur. Adam həyatda gördüyüm ən mükəmməl insanlardan, biznesmenlərdən biridir. 23 sektorda 400 biznesi var və onun üçün biznes bir həyat tərzidir. İkincisi Zlatan İbrahimoviçdir. Onunla ortaq nöqtələrimiz çoxdur və bunların ən başlıcası da özünəinam və özgüvəndir. Üçüncüsü isə Danie Allendir, “Disney”in təşkilatçılarından biri. Ambisiyası olan insanlar həmişə mənə motivasiya verir.

- Uğurlu startapçılarda hansı xüsusiyyətlər olmalıdır?

Bu bir az xarakterik prosesdir. Ən önəmlisi məsuliyyətli olmalıdır, komanda ilə işləməyi bacarmalıdır. Əsl startapçı əlini daşın altına hamıdan birinci qoyub, hamıdan sonuncu çəkməlidir. Startapçı günün bütün saatlarında, saniyələrində işləməyi bacarmalıdır. Bəzən insan öz evinin içinin problemini çəkə bilmir, amma bizim kimi adamların işi müştərilərin problemlərini çəkmək, onların istəklərini nəzərə almaq, narazılıqlarını qeydə almaqdır.

- Biznesdə reklam strategiyasını necə dəstəkləyirsiniz?

Modern biznesdə reklamın rolu çox böyükdür. Sadəcə bu sahədən bacarılan qədər səmərəli istifadə olunmalıdır. Əks halda biznesin inkişafından söhbət belə gedə bilməz. Bizdə çox vaxt bundan düzgün istifadə etməyi bacarmırlar. İşi mütəxəssisə həvalə etmirlər. Ən böyük problemimiz də məhz budur, mütəxəssiz çatışmazlığı.

- İşçilərdə özünəinamı formalaşdırmaq üçün müdirdə hansı xüsusiyyətlər olmalıdır?

"Çox çalış çox qazan, az çalış az qazan", prinsipi biznesdə ən həvəsləndirici prinsipdir. Mən özüm də bir müdir kimi işcilərə bu prinsiplə yanaşıram və hər şeydən öncə bizim komandada işləyənlər işini sevir, işindən zövq alır, bu bizim ən böyük üstünlüklərimizdən biridir.

- Reklam marketinqində sosial mediyanın rolu nə dərəcədədir?

Sosial mediya marketinqin çox cılız bir hissəsidir. Sadəcə onu yerində istifadə etmək lazımdır. Azərbaycanda isə bu artıq strategiyaya çevrilib. Bir şey ki, bütöv şirkətin marketinq anlayışı SMM olur. Bu çox absurd və gülünc səslənir. Amma istifadə edə bilən üçün bu, fürsət də ola bilər. Artıq rəqamsal marketinq parçalanıb, bu sahəni bacardığımız qədər inkişafa aparmaq lazımdır. Düzdür, heç kim Nelson Mandela ola bilməz, amma hərə öz sahəsində özünü müəyyən qədər inkişaf etdirsə, zamanla bütün əksikliklər özünü müəyyən qədər tamamlayacaq.