Ölkəyə gətirilən siqarətlərdən tutulan vergi 2 dəfə artırıldı - Bu tarixdən tətbiq olunacaq

  • 11 Yanvar, 2019 11:22
Ölkəyə gətirilən siqarətlərdən tutulan vergi 2 dəfə artırıldı - Bu tarixdən tətbiq olunacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

"Finans.az" xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, dəyişikliyə görə Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədi üçün 1 manat aksiz vergisi tətbiq olunacaq. Qeyd edək ki, hazırda Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların 1 000 ədədi üçün 20 manat aksiz vergisi alınır.

Ölkəmizə gətirilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün aksiz vergisi dəyişdirilmədən, yəni 20 manat saxlanılıb.

Sənədə əsasən, idxal edilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 28 manata qaldırılacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.


Mənbə: report.az