Ölkədə yeni assosiasiya təsis edildi

  • 16 aprel, 2021 16:56
Ölkədə yeni assosiasiya təsis edildi

“Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına dair iclas keçirilib.

Bu barədə "Finans.az"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, iclas nazirliyin Aqrar Tədqiqatlar Mərkəzində baş tutub. İclasda nazirliyin nümayəndələri, gülçülüklə məşğul olan şirkətlərin təmsilçiləri və sahibkarlar iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, ölkədə gül istehsalının genişləndirilməsi üçün böyük potensial var. Həmçinin gülün böyük ixrac potensialının da olması bu sahəyə marağı artırır. Gül istehsalçılarının vahid platformada birləşməsi isə onların daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən gülçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və Nazirlik istehsalçıların ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir.

Onun sözlərinə görə, yaradılacaq Assosiasiya gül istehsalçılarına bir sıra üstünlüklər verəcək, onların mütəmadi bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, ölkədə gülçülüyün inkişafına dair təkliflər hazırlamalarına şərait yaradacaq. Nazirlik rəsmisi, həmçinin dövlət-özəl əməkdaşlığının sahənin inkişafına daha da təkan verəcəyini qeyd edib.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, gül istehsalı perspektivli, eyni zamanda böyük ixrac potensialı olan sahədir. Gəlirli olduğu üçün gülçülük ölkədə məşğulluğun artırılması baxımından da faydalı olacaq.

Daha sonra tədbir iştirakçıları gülçülüyün inkişafına dair fikirlərini bölüşüblər.

Toplantının sonunda “Azərbaycan Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyası”nın təsis olunması barədə qərar qəbul olunub. Müzakirələrdən sonra qurumun nizamnaməsi təsdiq edilib. Səsvermə nəticəsində Cavid Axundov Assosiasiyanın sədri seçilib. Bundan başqa, Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti də formalaşdırılıb.

Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.