Boşluqlardan istifadə etdi, özünə biznes qurdu

  • 5 oktyabr, 2018 12:35
Boşluqlardan istifadə etdi, özünə biznes qurdu

Greg Glassman. Bəlkə də bu insanı çoxları tanımır. Amma heç şübhəsiz o, idmanla məşğul olan insanlar arasında məşhurdur. Greg Glassman hazırda sürətlə məşhurlaşmaqda olan yeni idman növü- crossfitin yaradıcısı hesab olunur. Məsələ ondadır ki, son illərdə sağlamlığına və görünüşünə diqqət edən insanlar arasında "crossfit"lə məşğul olmağa başlayanların sayı sürətlə artır. Bu idman növünü dünyada tanınan brendə çevirən Greg Glassman məhz bu ideyasının sayəsində sərvətini 100 mln. dollara çatdıra bilib.

Dünyada məşhur olan crossfit (krossfit) idman növü artıq Bakıda da məşhurlaşır. Paytaxtda bu idman növü üzrə mərkəzlərin sayı günü-gündən artır. Elə bu idman növündən pul qazananların sayında da artım müşahidə edilir. Bəs Azərbaycanda bu idman biznesi ilə kimlər məşğul olur?

"Finans.az" "Uğur formulu"nun budəfəki rubrikasında gənc biznesmen, "Cross & Gym" idman klubunun təsisçisi və Crossfit üzrə peşəkar məşqçi Zeynal Zeynalovla müsahibəni təqdim edir:

-Crossfit nədir? Bu idman növünə marağın artması nə ilə bağlıdır?

- Crossfit daim dəyişən, yüksək intensivli funksional hərəkətlərin üzərində qurulmuş fitnes növüdür. Proqram günün məşqi ( Workout of the Day) adlanan hərəkətlər komplekslərindən ibarətdir. Crossfit əsasən qruplar şəklində təşkil olunur və nəticədə yekdil komandanın yaradılmasına və idmançıların motivasiyasına səbəb olur. Bu idman növündə həyata keçirilən hərəkətlər ağır atletika, yüngül atletika və gimnastika idman növlərinin kombinasiyasıdır. Sağlam və gözəl görünüşə malik olmaq istəyənlərin sayının artması bu idman növünün məşhurlaşmasına səbəb oldu.

-Necə oldu ki, bu sahə ilə maraqlanmağa başladınız? Və idman məşğuliyyətini biznesə daşımaq fikrinə necə düşdünüz?

- Əvvəlki məşğuliyyətim tamam ayrı idi, ofis işçisi olaraq çalışırdım. Buna baxmayaraq daimi olaraq internetdə "cross fit" ilə maraqlanırdım. Sonra qərara gəldim ki, məsuliyyəti öz üzərimə götürüb bu işlə peşəkar məşğul olum. Bu, hal-hazırda bir trenddir. Amma vaxtilə bu sahədə ölkədə boşluq var idi, peşəkar kadrlar çatışmırdı. Bu, məni bu sahəni inkişaf etdirmək üçün daha da həvəsləndirdi. Ona görə qərar verdim ki, həvəsim olan bu sahəni işə çevirməliyəm. Buna görə də risk etdim və ilk məkanın açılmasına təxminən 50 000 min dollar pul xərcləndi. Gözləntilərimiz özünü doğrultdu və elə ilk aydaca gəlirlərimiz xərclərimizi ödədi. Sonrakı aylarda artıq mənfəətlə işləməyə başladıq.

- Bu idman növü ilə daha çox kimlər maraqlanır?

- Bu idman növü ilə daha çox kişilər maraqlanır. Amma qadınlar arasında da "crossfit"lə məşğul olanlar var. Bütövlükdə isə qadınlar ən çox dəb xatirinə bu idman növü ilə maraqlanır. Adi istənilən sosial şəbəkəyə baxsaq, görərik ki, qadınların əksəriyyəti bura çoxlu şəkillər, videolar çəkmək üçün gəlir. Ona görə də onlar məqsədlərinə çata bilmir.

-İdman biznesinin digər bizneslərdən fərqi nədir? Hansı müsbət və mənfi cəhətləri misal çəkmək olar?

- Artıq qeyd etdiyim kimi mənfi cəhəti odur ki, insanlar bura mütəmadi olaraq gəlmir, bu idman növü ilə mütəmadi məşğul olmur, qarşısına hər hansısa bir hədəf qoyur, bir neçə aydan sonra çıxıb gedir. Məsələn, əsgərlik qabağı və yaxud çəki atmaq istəyənlər bir müddətdən sonra artıq idmanla məşğul olmurlar. Çox təəssüf ki, idman insanlarda həyat tərzi deyil. Bununla belə müsbət cəhət odur ki, şəbəkə genişlənir, yeni insanlar tanıyırıq.

- Hansı tanınmış simalar sizin xidmətlərinizdən yararlanıb?

- Müxtəlif sahələrdə çalışanlar, rejissorlar, aktyorlar var ki, onlar gəlib bizim xidmətlərimizdən yararlanıb. Amma əslində diqqətə layiq olanlar sıravi insanlardır. Hansı ki, onlar boş vaxtlarını restoranda, kafedə, oyun zallarında deyil, idmanla məşğul olaraq keçirirlər. Əsasən gənc tələbələri görəndə adamın ürəyi açılır. Burda eyni zamanda idmandan əlavə onlar şəbəkə yaradırlar. Bir-birləri ilə dostlaşırlar.

- Siz qeyd etdiniz ki, insanlar "crossfit"dən mütəmadi istifadə etmir. Bəlkə bu sahənin reklama ehtiyacı var?

- Tamamilə doğrudur. Hər bir sahədə olduğu kimi bu sahədə də reklama xüsusi diqqət yetirilməlidir. Bizim reklam strategiyamız əsasən müxtəlif “networking” tədbirlər üzərinə qurulub. Biz bu tip müxtəlif tədbirlərdə iştirak edirik. Ayrı-ayrı sahələr üzrə biznes adamları bir-birlərini tanıyır. Bu, həm də bir reklamdır. Reklamla bağlı işimizin əksər hissəsi sosial şəbəkələr üzərində gedir. Çünki, hazırda sosial media reklam strategiyasında mühüm yer tutur.

- Müflis olsanız nə edərdiniz?

- Mən hər zaman çalışmışam ki, investisiyanı özümə yatırım. Müxtəlif kurslara getmişəm, özümü bu sahədə bacardığm qədər inkişaf etdirmişəm. Əgər işim bağlansa belə bütün öyrəndiklərim mənə məxsus olur və mən yenidən bu işi qura bilərəm. Şəxsi təlimlər təşkil edə bilərəm. Çünki, müəsisə müflis olsa da kadr bacarığını itirmir.

- Bizneslə bağlı qarşıda hansı hədəfləriniz var? Əlavə gəliriniz olsa, daha hansı biznesə maraq göstərərdiniz?

- Bu gün üçün əsas hədəfim şəbəkə yaratmaq və onu genişləndirməkdir. Başqa yerlərdə filiallar almaq istəyirik. Gəncə və Sumqayıta yeni filiallar açmaq istəyirik. Məqsəd var. Amma gərək istək və tələbat da olsun, insanların marağı olsa, bu ideyanı reallaşdıracağıq. Açığı indi hər hansı yeni biznes qurmaqla bağlı düşünmürəm. Ağlımda olan tək ideya bu sahəni genişləndirməkdir. Hədəfimiz yerli kontent yaratmaqdır. "Web" sahədə də layihələr yaratmaq istəyirik. İnsanlar üçün resuslar yaratmaq istəyirik ki, onların rahatlığını tam təmin edə bilək. Bu sahəni inkişaf etdirmək istəyirik.

- Gənc biznesmen kimi sıfırdan yeni biznesə başlamaq istəyənlərə nə məsləhət görürsünüz?

- İlk növbədə həmin sahəni dərindən araşdırsınlar. Şəbəkələşmə qursunlar, maraqlandıqları sahəni təmsil edən insanlarla tanış olsunlar. Ən mühümü isə əsas investisiyanı özlərinə yatırsınlar. İnsanın şəxsi inkişafı çox önəmli amildir. Biznesə başlamaq istəyənlər bir məsələni unutmamalıdırlar- Nə olursa-olsun davam etmək, həvəsdən düşməmək lazımdır.