"Novostroyka"lar niyə uzun müddət istismara qəbul edilmirdi? - AÇIQLAMA

  • 2 İyul, 2019 16:25

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevçoxmənzilli binaların uzun müddət ərzində istismara qəbul edilməməsinin əsas səbəblərini açıqlayıb.

“Finans.az” xəbər verir ki, bu barədə o, "Caspian European Club" çərçivəsində keçirilən biznes-forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakıda bəzi çoxmənzilli binalar uzun müddət ərzində istismara qəbul edilmirdi: “Binaların istismara qəbul edilməməsinin obyektiv və subyektiv səbəbləri var idi. Bir sıra hallarda tikinti ilə məşğul olan şirkətlər sənədlərin hazırlanması prosesində tam yaxından iştirak etmirdilər. Sənədlər tam düzgün olmadığından binaların istismara qəbul edilməsində problemlər yaranırdı”.

S.Nuriyev tikilmiş binaların torpaq kateqoriyalarında da problemlərin olduğunu diqqətə çatdırıb: “Azərbaycanda qanunvericiliyə uyğun olaraq torpaqlar kateqoriyalara bölünür. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış binalarının tikintisi qanuna ziddir. Lakin buna baxmayaraq, tikinti şirkətləri bu torpaqlarda binalar tikiblər”.

Komitə sədri əlavə edib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən fevralın 19-da imzalanmış “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman çox humanist bir addım idi: “Həmin fərmana uyğun olaraq, yeganə şərt ondan ibarətdir ki, bina dayanıqlılıq və orda yaşayan insanların təhlükəsizliyi, həmçinin yanğın mühafizəsi baxımından sağlamdırsa, istismarına icazə verilir”.


Mənbə: report.az