Növbəti özəlləşdirmə hərracı avqustun 25-də keçiriləcək

  • 28 İyul, 2020 16:17
Növbəti özəlləşdirmə hərracı avqustun 25-də keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti özəlləşdirmə hərracını avqustun 25-də təşkil edəcək.

Bu barədə “Finans.az”a nazirlikdən bildirilib.

Məlumata görə, hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 30-u kiçik dövlət müəssisəsi, 2-si qeyri-yaşayış sahəsi, 3-ü isə yarımçıq tikilidir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə bu linklərə daxil olmaqla tanış olmaq mümkündür:

(https://bit.ly/2Ekz381, https://bit.ly/3hG0lEs, https://bit.ly/3f53tYK, https://bit.ly/3jKIT3e).

Sənaye, nəqliyyat, inşaat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birlikdə hərraca çıxarılan dövlət əmlakı Bakı, Lənkəran, İmişli, eləcə də digər şəhər və rayonlarda yerləşir.

Əmlak Məsələləri Dövlət Xidməti hərraclarda hər kəsin şəffaf və rahat iştirakını təmin edir. Hərraclarda iştirak etmək istəyənlər Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Prosesə marağı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracların gedişini izləyə bilər.