Nemət Abbasov: "Petkim"in tətbiq etdiyi "Sənaye 4.0" texnologiyası olduqca keyfiyyətli və əlverişlidir"

  • 24 Yanvar, 2020 16:02
Nemət Abbasov:

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya kompleksi olan “Petkim” “Sənaye 4.0” texnologiyalarını istehsalatda ən yaxşı istifadə edən müəssisələr sırasına daxil olub. “Sənaye 4.0” standartı sayəsində “Petkim” Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network”una seçilib. “Global Lighthouse Network” 2018-ci ildə təsis edilib və “gələcəyin fabrikləri” olaraq qəbul edilir, onun 44 üzvü var. “Petkim” “Global Lighthouse Network”ə 2020-ci ildə Türkiyədən seçilən yeganə şirkətdir.

Bəs “Sənaye 4.0” texnologiyaları nədir və hansı üstünlükləri var?

"Finans.az" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya-Texnologiya Fakültəsinin müəllimi Nemət Abbasov “Sənaye 4.0” texnologiyasının çox keyfiyyətli və əlverişli texnologiya olduğunu bildirib.

Onun sözlərinə görə, iqtisadi və iş baxımından sərfəliliyinə görə bütün böyük şirkətlər “Sənaye 4.0” texnologiyasını tətbiq etmək niyyətindədirlər.

O qeyd edib ki, “Petkim” bu sistemi tətbiq etmək üçün böyük institutlarla və universitetlərlə əməkdaşlıq edib və nəticədə sistemi tətbiq edə bilib:

“Hətta “SOCAR Turkey Enerji” şirkətinin baş icraçı direktoru Zaur Qəhrəmanov da qeyd edib ki, şirkət ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ilə birgə bu layihəyə başlayıb və Türkiyənin böyük texniki universitetləri ilə əlaqədə olduqdan sonra sistemi tətbiq edib və müəyyən səviyyəyə çatıblar.

“Sənaye 4.0” sisteminin tətbiqi ilə hər şey kompüterləşdirilir və tam dəqiqliyi ilə tətbiq olunur. İnsan səhv edə bilər, ancaq kompüterdə bu cür səhvlər mində bir dəfə mümkündür. Çünki bunu super-kompüterlər həyata keçirir. İşin həcmi, enerjinin az istifadə olunması, keyfiyyətin artması baxımından “Sənaye 4.0” texnologiyaları çox müsbət səviyyədə tətbiq oluna biləcək texnologiyadır”, - deyə N. Abbasov bildirib.

O xatırladıb ki, “Sənaye 4.0” texnologiyasının tətbiq edilməsi ilk dəfə Davos İqtisadi Forumunda qeyd edilib və ilk dəfə bu sistemi Davos Dünya İqtisadi Forumunun banisi və icraçı direktoru Klaus Şvab istifadə edib: “Əslində “Sənaye 4.0” texnologiyasının tətbiqi dördüncü sənaye inqilabı olaraq adlandırılır. Tarixə nəzər salsaq, bir neçə sənaye inqilabı baş verib. Hazırda da sənaye inqilabı texnologiya, kompüterlər, proqramlaşdırma üzrə rəqəmsal sahədə aparılır. “Sənaye 4.0” texnologiyaları da artıq dördüncü sənaye inqilabı adlandırıla bilər”.

O qeyd edib ki, “Sənaye 4.0” texnologiyasını tətbiq edərkən istehsalın davamlılığı təmin edilir: “Bu sistemi tətbiq etdikdə istehsal 7/24, fasiləsiz davam edə bilər. Bu texnologiya tətbiq edildikdə istehsal həcmi artır. Təbii ki, “Sənaye 4.0” texnologiyası ilə keyfiyyət də arta bilir. İnsan müdaxiləsi olduqda keyfiyyəti insan yoxlamalıdır. Ancaq artıq “Sənaye 4.0” texnologiyasında kompüterlər tam dəqiqliyi ilə istehsalın keyfiyyətinin nə dərəcədə olduğunu bizə göstərir. Orada verilmiş keyfiyyət şkalası üzrə davamlı olaraq həmin keyfiyyətlə məhsul istehsal edilir. Burada ən əsası enerji cəhətidir ki, bu texnologiyalar sayəsində enerjiyə qənaət maksimum səviyyəyə çatır. Yəni minimum enerji istifadə olunur. Çünki bu gün dünyada hər şey enerji üzərində qurulub və enerji əsas vacib şərtdir. Yəni enerjini nə qədər az istifadə ediriksə və enerjiyə nə qədər az vəsait xərclənirsə, iqtisadi cəhətdən o qədər də gəlir əldə etmiş oluruq. Bu cəhətdən “Sənaye 4.0” texnologiyası çox keyfiyyətli və əlverişli texnologiyadır”, - deyə N. Abbasov əlavə edib.


Mənbə: apa.az