Neft yenidən ucuzlaşdı

  • 23 Sentyabr, 2020 17:09
Neft yenidən ucuzlaşdı

Amerika Neft İnstitutunun (APİ) ABŞ-da neft ehtiyatlarının həcminin artması barədə verdiyi açıqlama "qara qızıl"ın qiymətlərinə təsirsiz ötüşməyib.

“Finans.az” xəbər verir ki, bu gün Böyük Britaniyanın paytaxtı Londonun “İCE Furutes” birjasında keçirilən hərracda “Brent” markalı neftin 1 bareli 0,8% ucuzlaşaraq 41,4 ABŞ dollarıa satılıb (ötən gün isə 0,7% ucuzlaşma ilə qiymət 41,72 dollara düşüb). ABŞ-ın Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin 1 bareli 0,95% ucuzlaşaraq 39,42 dollara realizə edilib. Halbuki ötən gün həmin neftə dair oktyabr müqaviləsinin dəyəri 0,7% artaraq 39,6 dollara, noyabr müqaviləsinin dəyəri isə yenə də 0,7% artaraq 39,8 dollara çatmışdı.

Ötən gün APİ 11-18 sentyabr tarixləri ərzində ölkədəki neft ehtiyatlarının 691 min barel artdığını, benzin ehtiyatlarının isə 7,7 milyon barel, distilat ehtiyatlarının da 2,1 milyon barel azaldığını açıqlayıb. “S&P Global Platts” xəbər verir ki, ekspertlərin fikrincə, benzin ehtiyatları 1,9 milyon barel azalıb, distilat ehtiyatları isə 1,2 milyon barel artıb. Bu gün axşam veriləcək rəsmi məlumatda ötən həftə neft ehtiyatlarının 4 milyon barel azalmasının bildiriləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ-ın Meksika körfəzi sahilləri avqustun axırında Laura tropik qasırğasının, ötən həftə Salli tropik qasırğasının, dünən isə Beta qasırğasının zərbələrinə tuş gəldiyi üçün sözügedən bölgədə neft hasilatı qurğularının 7,1%-nin fəaliyyəti dayandırılmışdı.


Mənbə: report.az