Neft qiymətləri bir qədər yüksəlib - SƏBƏB

  • 24 iyun, 2021 10:26
Neft qiymətləri bir qədər yüksəlib - SƏBƏB

Bərpa olunan iqtisadiyyatların xammala olan tələbatının artması ilə əlaqədar olaraq dünya bazarlarında neftin qiyməti cüzi artıb.

“Finans.az” xəbər verir ki, Bakı vaxtı ilə saat 8.53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,09 % bahalaşaraq, 1 bareli 75,26 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,12 % artaraq, 1 bareli 73,17 ABŞ dolları təşkil edib.

Bazardakı vəziyyət neft qiymətləri üçün müsbət olaraq qalmaqdadır. Bütün dünya üzrə COVID-19-a qarşı vaksinləmə kampaniyasının aparılması iqtisadi bərpanı sürətləndirib. Bu isə yanacağa olan tələbin artmasına və onun ehtiyatlarının azalmasına səbəb olur. ABŞ-ın Energetika Nazirliyi ötən həftə ərzində ölkədə neft ehtiyatlarının 7,6 milyon barel azalaraq 459,1 milyon barelə düşdüyünü açıqlayıb. Analitiklər ehtiyatların cəmi 3,9 milyon barel azalacağını güman edirdilər.

“OPEK+”in iclası da investorların diqqət mərkəzindədir. Məhz həmin iclasda sövdələşmənin gələcək şərtləri müəyyən ediləcək. Mətbuat avqust ayı üçün hasilat limitinə əlavə artımın planlaşdırıldığını xəbər verir.


Mənbə: report.az