Neft bazarında yenidən disbalans yarana bilər - ANALİTİKA

  • 19 İyun, 2019 11:37
Neft bazarında yenidən disbalans yarana bilər - ANALİTİKA

Neft bazarı təzyiq altındadır. OPEC+ ölkələri arasında yaranmış fikir ayrılığı, ABŞ-ın durmadan artan neft istehsalı, qarşıdakı illərdə iqtisadiyyatın zəifləməsi nəticəsində neftə olan tələbatın azalacağı qorxusı bazarı təzyiq altında saxlayır.

"Finans.az" xəbər verir ki, bununla yanaşı, İran və Venesualaya qarşı tətbiq edilmiş sanksiyalar neft təklif edən tərəflərdə gərginlik yaradır. Səudiyyə Ərəbistanı azalan təklifi bərpa edəcəyini desə də, bunu plansız tətbiq etsə, yəni təklifi həddindən çox artırsa, qiymətlərə mənfi təsir göstərə bilər. Bazarda isə qiymətlər düşür. Ən çox izlənilən neft markaları WTI (Qərbi Texas, ABŞ neftinin göstəricisi) və “Brent” (Şimal dənizi, Avropa neft bazarının göstəricisi) markalarının qiymətləri aprel ayından başlayaraq müvafiq olaraq 66 dollardan 52 dollara və 73 dollardan 62 dollara qədər azalıb. Hətta keçən həftə Fars körfəzində yaranmış gərginliyə baxmayaraq qiymətlər gözlənilən qədər artmayıb.

Mənbə : İnteractive Brokers, Avgust fyuçers qiymətlərinin müqayisəsi.

İyul ayının ilk həftəsində baş tutacaq OPEC+ toplantısında istehsalın azaldılacağı qeyri-müəyyən qalır. İstehsalı azaldaraq neftin qiymətini tənzimlədikdə istehsalçı ölkə üçün bazar payını itirmək riski yarandığı üçün məsələyə birmənalı yanaşmaq çətindir. Digər tərəfdən, ən böyük iki istehsalçı olan Rusiya və Səudiyyə Ərəbistanı arasında da fikir ayrılıqları mövcuddur. Səudiyyənin milli neft şirkəti “Aramco”nun Rusiyanın “Novatec Arctic LNG2” layihəsində iştirakı məsələsi iki ölkə arasındaki danışıqların çətinliyini əks etdirir. Belə ki, bir müddət əvvəl “Aramco”nun bu layihədən imtina etdiyi KİV-lərdə öz əksini tapsa da, yeni məlumatlar danışıqarın hələ də aparıldığını göstərir.

Okeanın o biri tərəfində məlumatlar daha şəffafdır və tendensiyanı müşahidə etməyə imkan yaradır. Qrafik ABŞ neft təklifini və anbarlardakı neft qalığını WTI qiymətləri ilə müqayisə edir. Aydın görünür ki, ağ xətlə işarə edilən neft qalıqları artdıqca neftın qiyməti azalır. Anbarlardakı qalıq isə, bir yandan, istehsalat artığı nəticəsində, digər tərəfdən isə tələbin azalması ilə artır: ABŞ-da istehsal rekord həddədir və iqtisadiyyatın zəifləməsi qorxusu ilə tələb azalır. Keçən həftənin məlumatlarınə əsasən demək olar ki, bu tendensiya davam edir və qiymətlərin 40 dollara qədər geriləyəcəyini gözləmək olar.

Mənbə : Bloomberg, Mike McGlone

Neft fyuçerslərinin dinamikası da bazardakı vəziyyət haqqında müəyyən fikir yürütməyə imkan verir. Fyuçerslərin qiymət strukturunda bakvardasiya (backwardation) müşahidə olunur. Bu halda uzaq müqavilənin qiyməti yaxın müqavilədən (spot qiymətdən) daha az olur. Keynesin `normal bakvardasiya` nəzəriyyəsinə əsasən satıcılar alıcıları bazara cəlb etmək üçün uzaq müqavilə qiymətlərini aşağı salırlar. Bu hal, satıcıların gələcəkdə qiymətin düşəcəyini proqnozlaşdırdıqları üçün baş verə bilir. Eyni zamanda, alıcılar da qiymətin düşəcəyini gözlədiklərindən, məsələn dekabrda alacaqları nefti indidən almırlar, dekabr ayında spot bazarda alırlar. Əksinə, alıcılar və satıcılar qiymətin qalxacağını proqnozlaşdırdıqda, alıcılar uzaq müqaviləni alırlar, satıcılar isə gözləmə mövqeyinə keçirlər. Nəticədə, uzaq müqaviləyə tələb artır və məsələn dekabr fyuçerslərinin qiyməti iyul qiymətindən daha baha olur.

Qrafikdən görünür ki, 2019-cu il oktyabr ayından 2020-ci il oktyabr ayına qədər bütün yaxın müqavilələrin qiymətləri uzaq müqavilələrdən daha azdır. Nefti çıxarıb oktyabrda satmaq onu məsələn, fyuçers müqaviləsi bağlayıb gələn ilin oktyabrında satmaqdan daha sərfəlidir.

Mənbə: İnteractive Brokers, Neft bazarında bakvardasiya

Bazarda istər təklif, istərsə də tələb tərəfində qeyri-müəyyənliyin davam etməsi gələcək bir il ərzində təklif və tələb arasında disbalans yarada bilər. “Goldman Sachs”ın baş əmtəə analitiki Cefrey Kyurinin təhlillərinə əsasən, neft bazarında hansı istehsal səviyyəsinin qiymətləri sabitləşdirəcəyini demək getdikcə çətinləşir. Bir neçə aydır neft bazarı olduqca təlatümlüdür və gün ərzində 5%-dən artıq qiymət dəyişikliyi müşahidə etmək mümkündür.


Mənbə: report.az