Nazirlik: "Pensiyaçılar heç kimə öz kart məlumatlarını verməsinlər!" - XƏBƏRDARLIQ

  • 16 Dekabr, 2019 11:30
Nazirlik:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) pensiyaçılara kart məlumatlarını heç kimə verməməklə bağlı xəbərdarlıq edib.

"Finans.az" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

"Bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb. Burada onların məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır. Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür", -deyə nazirlik rəsmisi qeyd edib.