Nazir: "Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişafına əhəmiyyətli şəkildə təsir edir"

  • 7 Noyabr, 2019 15:23
Nazir:

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

“Finans.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır.

“Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına, kiberrisklərin azaldılmasına xidmət edir, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır”, - deyə nazir bildirib.

R. Quluzadə çıxışı zamanı vurğulayıb ki, əqli mülkiyyət hüquqlarının qorunması ölkələrdə sahibkarlığın inkişaf etdirilməsinə və xarici sərmayələrin cəlb olunmasına əhəmiyyətli şəkildə təsir edir. “Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatının vacib istiqamətlərindən biri də əqli mülkiyyət hüquqlarının qorunmasıdır. Azərbaycan 2015-ci ilin Qlobal Rəqabətlilik Hesabatında “Əqli mülkiyyətin qorunması” alt-indeksi üzrə 92-ci yeri tutduğu halda, bu sahədə aparılan davamlı islahatlar nəticəsində 2019-cu ilin hesabatında 70,4 balla dünya ölkələri arasında 30-cu yerə yüksəlmişdir. Bu göstərici üzrə ölkəmiz MDB dövlətləri arasında 1-ci yeri tutur və bir çox Mərkəzi və Şərqi Avropa ölkələrini geridə qoyur”.

Nazir bildirib ki, islahatların davamı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, ölkəni beynəlxalq reytinqlərinin yaxşılaşdırılması, əqli mülkiyyət sahəsində qanun pozuntularına qarşı mübarizə üsullarının, eləcə də idarəetmə və təhlükəsizliyin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları üçün “Microsoft” şirkətinin lisenziyalı proqram təminatlarının alınması həyata keçirilib. “Bu məqsədlə 2018-ci ildə “Microsoft” şirkəti ilə 3 illik müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, 20 000 ədəd “Windows” əməliyyat sistemi, 20 000 ədəd “Microsoft Ofis” və 100 ədəd server lisenziyaları əldə edilmişdir. Layihə üzrə Microsoft lisenziyalarının dövlət büdcəsindən maliyyələşən 63 dövlət qurumuna təhvil verilməsi planlaşdırılıb”.

43 dövlət qurumu, 9 təhsil ocağına lisenziyaların verildiyini deyən nazir bununla yanaşı, dövlət qurumları, təhsil ocaqları və tələbələr tərəfindən lisenziyaların daha asan və qısa müddətdə ala bilməsi üçün 3 portal yaradıldığı barədə məlumat verib. Dövlət qurumları, təhsil ocaqları və tələbələr aidiyyəti portallara öncədən ayrılmış şəxsi hesab vasitəsilə lisenziyalarını əldə edə bilirlər.

R. Quluzadə həmçinin qeyd edib ki, “Microsoft” şirkəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mövcud tərəfdaşlıq münasibətlərinə əsasən, “AzCloud” bulud xidmətləri kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər üçün “Microsoft” məhsullarının müəyyən lisenziyaları aylıq şərtlərlə icarəyə verilir.

Sonda nazir ölkəmizdə lisenziyalı proqram təminatından istifadənin genişləndirilməsi üzrə həyata keçirilən işlərin dövlət qurumları və şirkətlərin fəaliyyətinə öz müsbət təsirini göstərəcəyinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.


Mənbə: apa.az