Naxçıvan iqtisadiyyatı 1,5% böyüyüb

  • 21 Avqust, 2019 15:50
Naxçıvan iqtisadiyyatı 1,5% böyüyüb

Naxçıvan Muxtar Respublikadasında 2019-cu ilin yanvar-iyul aylarında 1 mlrd. 545 milyon 776 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.

“Finans.az” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3382,4 manata yaxın olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 636 milyon 155 min 100 manat dəyərində məhsul istehsal edilib. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% çoxdur.

Vəsait qoyuluşları çərçivəsində 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 587 milyon 447 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,4% çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 566 milyon 5 min 700 manatı və ya 96,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.