"Müştərilərinə güzəşt etmiş banklar nəzərə alınmalıdır" - EKSPERT AÇIQLADI

  • 20 Mart, 2019 14:06

"Maliyyə Bazarlarına Nəzarət Palatası dollar kreditlərinin ödənilməsi məsələsində müştərilərinə güzəşt etmiş bankların Prezident İlham Əliyevin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərmanın əhatə dairəsindən kənarda qalmamasına diqqət yetirməlidir. Prezident fərmanının icrası zamanı müştərilərinə güzəşt etmiş banklar nəzərə alınmalıdır".

“Finans.az” xəbər verir ki, bunu bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

"Manatın devalvasiyayası zamanı bir sıra banklar öz müştərilərinə güzəştlər etmişdilər. Məhz həmin bankların bu fərmanın əhatə dairəsindən kənarda qalmaqla bağlı müəyyən tərəddüdləri var. Onların sahibləri qorxur ki, dövlət sabah həmin pulu qaytarmayacaq. Hesab edirəm ki, fərmanda birbaşa nəzərdə tutulmasa da, dövlət birbaşa həmin fərqi banklara ödəməlidir. Məndə məlumat var ki, "Unibank“, “Bank of Baku”, “Bank VTB Azerbaijan” ASC-lər müştərilərinə güzəştə gedib, amma, “Accessbank” QSC bir qəpiyindən belə keçməyib. Niyə müştəriyə qarşı güzəştli addım atan bank daha pis vəziyyətdə olmalıdır? Onlara da dəymiş ziyan geri qaytarılmalıdır. Hesab edirəm ki, bu məqamlar Palatanın hazırlayacağı qaydalarda, təlimatlarda öz əksini tapacaq”, - o qeyd edib.


Mənbə: report.az