Müştərilərin adlarına yüksək məbləğdə biznes kreditləri açılıb - İDDİA

  • 20 İyun, 2019 12:51
Müştərilərin adlarına yüksək məbləğdə biznes kreditləri açılıb - İDDİA

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və rüşvət almada təqsirləndirilən “Nikoil” bankın filial müdiri Ruslan Talıbov, filialın digər vəzifəli şəxsləri Vüsal Qasımov, Nazim İsmayılov və Elşən Xıdırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Finans.az" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Onlar kredit üçün müraciət edərkən müxtəlif üsullarla aldadıldıqlarını bildiriblər. Zərərçəkmişlər qeyd ediblər ki, banka kredit üçün müraciət edən zaman onlardan girov kimi avtomobilləri tələb olunub. Avtomobili banka girov qoymaq adı ilə başqa şəxslərin adına keçirilib. Sonradan isə məlum olub ki, adlarına yüksək məbləğdə biznes kreditləri açılıb.

Zərərçəkmişlərin bir hissəsi isə ödənişi vaxtında edilmədiyi üçün bank tərəfindən müsadirə edilmiş avtomobilləri ucuz qiymətə almaq istəyərkən aldadıldıqlarını deyiblər.

Proses davam etdiriləcək.

Təqsirləndirilən şəxslər heç bir biznes fəaliyyətlərinin olmadığını, veriləcək krediti biznes fəaliyyətinə sərf etməyəcəklərini və bununla əlaqədar kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsində problemlərin yaranacağını bildikləri halda, banka müraciət etmiş ayrı-ayrı şəxslərə 868 min manat məbləğində qanunsuz pul krediti verməkdə və qarşılığında onlardan 122 min manat pulu və digər əmlakı rüşvət kimi almaqda ittiham edilirlər.

Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kredit ilə aldıqları 451 min məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Cinayət işində 45 zərərçəkmiş var.

R.Talıbov, V.Qasımov və E.Xıdırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. N.İsmayılov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, azadlıqdadır.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunur.


Mənbə: report.az