MOL direktoru: "AÇG-də payın alınması Xorvatiya və Macarıstandan kənarda hasilat portfelinin diversifikasiyasının əsasını qoyacaq"

  • 12 Noyabr, 2019 13:16
MOL direktoru:

"ABŞ-ın "Chevron" şirkətinin Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi layihəsindəki payı Macarıstanın MOL şirkəti üçün hazırda Xorvatiya və Macarıstanda əsas diqqət ayrılan az xərcli aktivlər portfelinin diversifikasiyasının əsasını qoyacaq və bu ölkələrdən kənarda əldə edilən hasilat payını, təxminən, 50%-ə qədər artırmalıdır".

"Finans.az" xəbər verir ki, bunu "S&P Global Platts"a müsahibəsində MOL-un kəşfiyyat və hasilat üzrə baş direktoru Berislav Qaso deyib.

Onun sözlərinə görə, şirkətin Azərbaycan bazarına çıxışı daxili istehsalın azalmasını kompensasiya etmək və eyni zamanda Şimal dənizinə doğru hərəkət etmək üçün ucuz başa gələn beynəlxalq hasilat biznesi qurmaq istəyi ilə bağlıdır.

B.Qaso qeyd edib ki, AÇG-nin hasilatında MOL-un payı gündəlik, təxminən, 20 min barel olacaq.

O, MOL-un neft və qaz hasilatının bu ilin üçüncü rübündəki gündəlik 108 min bareldən gündəlik 120-130 min barelə qədər artacağını vurğulayıb.

Baş direktor bildirib ki, 2018-ci ildə sabit hasilatdan sonra AÇG blokundakı hasilat həcmi bu il təqribən 8% azalaraq gündəlik 540 min barelə enib. Hasilatın artımı 2023-cü ildə - dəyəri 6 milyard dollar olan "Mərkəzi Şərqi Azəri" yeni dəniz platforması və sualtı qurğular istifadəyə verilən zaman baş verməlidir.

Daha əvvəl xəbər verildiyi kimi, "MOL Group" ABŞ-ın "Chevron" şirkətinin AÇG (9,57%) və "Bakı-Tbilisi-Ceyhan" boru kəmərindəki payını (8,9%) satın alıb. Müqavilə müvafiq olaraq "Chevron Global Ventures Ltd" və "Chevron BTC Pipeline" ilə imzalanıb. Sazişin dəyəri 1,57 milyard dollardır. Alqı-satqı prosesi bitənə qədər sazişə dəyişiklik edilə bilər. Bu prosesin isə 2020-ci ilin ikinci rübündə başa çatacağı gözlənilir. Əməliyyat başa çatdıqdan sonra MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olacaq.

AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG üzrə hasilatın pay bölgüsü sazişi 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.


Mənbə: report.az