Mikayıl Cabbarov: 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma çatıb

  • 16 Yanvar, 2020 12:02
Mikayıl Cabbarov: 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma çatıb

Vergi sahəsində aparılan islahatlar nəticəsində “kölgə iqtisadiyyatı”nın həcmi azalmaqdadır.

“Finans.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, 2019-cu ildə vergi daxilolmaları tarixi maksimuma – 7 672,6 milyon manata çatıb. "Son 2 ildə dövlət büdcəsinə olan artıq ödəmələr 721,4 milyon manat azaldılıb".

O, həmçinin deyib ki, ötən il qeyri-neft sektorundan vergi daxilolmaları üzrə proqnoz 109,1% yerinə yetirilib ki, bu da indiyə qədər əldə edilmiş ən yüksək göstəricidir: “Qeyri-neft sektorundan vergi daxilolmaları 458,3 milyon manat və yaxud 9,1% artaraq 5 432,3 milyon manata çatıb. Bu sektordan daxilolmaların həcminin cəmi vergi daxilolmalarında xüsusi çəkisi 70,8% təşkil edir. Qeyri-neft sektorundan daxilolmalar ƏDV üzrə 16,4 faiz, aksiz vergisi üzrə 4,7 dəfə, mənfəət vergisi üzrə isə 12,6% artıb. Regionlar üzrə daxilolmalar isə 11,9% artaraq 795,4 milyon manat olub”.

Nazir bildirib ki, şəhər və rayonlar üzrə dövlət büdcəsinə müvafiq vergilərdən büdcə ilinin sonuna artıq daxil olan vəsaitin 50%-nin regionların sərəncamına verilməsi onların dotasiyalardan asılılığının azalmasına və yerlərdə vergitutma bazasının genişləndirilməsinə güclü fiskal stimul yaradır.