"Microsoft" "Uber"in rəqibinə investisiya yatırdı

  • 9 Oktyabr, 2018 17:15

"Microsoft" ABŞ mərkəzli taksi xidməti "Uber"in Cənubi Asiyadan olan rəqibi "Grab"a investisiya edib.

"Finans.az xarici KİV-ə istinadən xəbər verir ki, investisiyanın iki şirkət arasında böyük məlumat bazası və sünii intellektin inkişafı fəaliyyətləri çərçivəsində həyata keçirildiyi bildirilir. Bununla Sinqapur şirkəti "Grab" "Microsoft"un bulud xidməti "Azure"a daxil olacaq. Beləliklə, şirkətin fəaliyyətində məhsuldarlıq artacaq.

Yatırılan investisiyaları qiymətləndirən "Microsoft"un Biznesin inkişafı üzrə vitse-prezidenti Peggy Johnson ""Grab" ilə etdiyimiz ortaqlıq inkişaf edən bazarda və böyüyən sektorda yeni fürsətlər yaradacaq", - deyə açıqlama verib. Bəyanatda bildirilir ki, iki şirkət yaradacaqları üz tanıma sistemi vasitəsilə sərnişinləri və sürücüləri izləyəcək. Bununla da, keçmişdə "Grab" avtomobillərində yaşanan təhlükəsizlik problemlərinin qarşısı alınacaq. İki şirkət dərin innovativ texnologiya layihələri daxilində təhlükəli vəziyyətləri təsbit edən maşın öyrənmə, fərqli dil tətbiqləri, xəbərdarlıq sistemləri kimi süni zəka əsaslı sistemləri inkişaf etdirəcək.

Qeyd edək ki, "Toyota" da Sinaqapur şirkəti olan "Grab"a 1 milyard dollar sərmayə yatırmışdı.