Metronun “28 may”-“Dərnəgül” istiqamətində hərəkət intervalı 2 dəfə azaldılacaq

  • 8 Noyabr, 2018 16:09
Metronun “28 may”-“Dərnəgül” istiqamətində hərəkət intervalı 2 dəfə azaldılacaq

Bənövşəyi xəttin qurulmasında qatarların hərəkətinin təşkili uçün "Bakı Metropoliteni” QSC Fransanın “Thales SA” şirkəti ilə müqavilə imzalayıb və imzalanan müqaviləyə əsasən Fransa şirkətindən idarəetmə və işarəvermə avadanlıqlarının alınması nəzərdə tutulub.

"Finans.az" xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndis Əlixan Osmanov Metropoliten işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. Ə.Osmanovun sözlərinə görə, ilkin mərhələdə alınacaq avadanlıqlar “Bakı Metropoliteni”nin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarında istifadə ediləcək: “Yeni sistemin tətbiqi ilə bütün idarəetmə və işarəvermənin tam avomatlaşdırılması, həmçinin bu sahədə insan əməyinin minimuma endirilməsi nəzərdə tutulub”. Baş mühəndisin sözlərinə görə, Qırmızı xətlə (“Həzi Aslanov” – “İçəri Şəhər” stansiyaları arası) Yaşıl xətt (“Dərnəgül” – “Xətai” stansiyaları arası) “28 may” stansiyasında kəsişir və bu iki xəttin bir-birindən ayrılması qatarlar arası intervalın azaldılmasına xidmət edəcək.

“Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçəri şəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir. Bu baxımdan “Həzi Aslanov” – “28 may” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu özünü “28 may” – “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə olaraq göstərir. Xətlərin ayrılmasından sonra isə “28 may” – “Dərnəgül” mənzilində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq, yeni tunelin tikintisindən sonra Yaşıl və Qırmızı xətlər üzrə qatarlar bir-birindən müstəqil hərəkət etmək imkanı qazanacaqlar. Belə ki, Qırmızı xətt üzrə “Həzi Aslanov” stansiyasından hərəkət edən qatar birbaşa “İçəri Şəhər” stansiyasına gedəcək. “Dərnəgül” istiqamətinə getmək istəyən sərnişinlər isə “28 may” stansiyasında Yaşıl xəttə keçərək hərəkətlərini davam etdirəcəklər. Yaşıl xətt üzrə “Dərnəgül” stansiyasından hərəkət edən qatarın son dayanacağı isə “Xətai” stansiyası olacaq”, - deyə Ə.Osmanov əlavə edib.