Məşhur şirkət "Azərbaycan Dəmiryolları"na olan pul borcunu toyuq əti ilə qaytaracaq - TƏFƏRRÜAT

  • 11 İyul, 2019 14:56
Məşhur şirkət

Azərbaycanın aparıcı qida istehsalçılarından olan “Siyəzən Broyler” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları” QSC-yə olan 837 min ABŞ dolları məbləğdə borcunu ödəyə bilməyib.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, büdcə təşkilatı məhkəməyə müraciət edərək öz xeyrinə 837 068,72 dolların tutulmasını xahiş edib.

İddiacı tələbini onunla əsaslandırıb ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə “Aztransoil” MMC arasında əldə edilmiş razılaşmaya əsasən sifariş əsasında “Azərbaycan Dəmir Yolları” QSC “Siyəzən Broyler” ASC üçün qarğıdalı dəni, jmıx cecəsi, bitki yağı, buğda və digər yüklərin daşınmasını həyata kecirib. Bu xidmətlərə görə 837 068,72 dollar borc yaranıb və “Siyəzən Broyler”ə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc ödənilməyib.

Birinci instansiya məhkəməsi işə baxaraq iddianı təmin edib. “Siyəzən Broyler” ASC-nin apelyasiya şikayətinə baxan məhkəmə isə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iş üzrə icraata xitam verib.

Belə ki, tərəflər arasında bağlanan barışıq sazişinə əsasən “Siyəzən Broyler” borcunu 31 dekabr 2021-ci ilə kimi hissə-hissə istehsal etdiyi toyuq əti məhsullarının hesabına, “Azərbaycan Dəmir Yolları”nın əvvəlcədən müəyyən etdiyi ünvana çatdırmaqla ona ödəməyi öhdəsinə götürüb. Borclu toyuq əti məhsullarını qanunvericiliklə nəzərdə tutulmuş bayram günlərində, dəmiryolçuların peşə bayramı günlərində və digər əlamətdar günlərdə, o cümlədən işgüzar tədbirlərdə öz vəsaiti hesabına dəyəri qaimədə gostərilməklə çatdıracaqd.