Mərkəzi Asiya ölkələri BTQ-nin potensialından istifadə edə bilər

  • 4 Noyabr, 2019 10:40
Mərkəzi Asiya ölkələri BTQ-nin potensialından istifadə edə bilər

"ADY Express" Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “BREAKBULK CASPIAN 2019” konfransı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə ilkin danışıqlara başlayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi - "ADY Express" Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “BREAKBULK CASPIAN 2019” konfransı çərçivəsində Mərkəzi Asiya ölkələri ilə ilkin danışıqlara başlayıb.

Bu barədə ““Finans.az”a açıqlamasında “ADY Express”in Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Abdulov məlumat verib.

Onun sözlərinə görə, danışıqların məqsədi gələcək əməkdaşlığın prespektivlərini müəyyən etməkdir: "Mərkəzi Asiya ölkələri Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin potensialından istifadəyə etməyə maraq göstərir".

Xatırladaq ki, sözügedən konfransda Özbəkistanın və digər Mərkəzi Asiya ölkələrinin, onların xarici tərəfdaşlarının təmsilçiləri, iri yük sahibləri, aparıcı nəqliyyat və loqistika şirkətlərinin nümayəndələri idxal, ixrac və tranzit yüklərinin nəqli perspektivləri, həmin yüklərin axın istiqamətləri, dəmir yolu ilə onların effektiv daşınması yolları və digər aktual məsələləri müzakirə ediblər.

Tədbirdə iştirak edən “ADY Express”in nümayəndələri həmin növ yüklərin Mərkəzi Asiya ölkələrindən şərq-qərb istiqamətində nəqli imkanlarını təqdim ediblər. "Azərbaycan Dəmir Yolları"nın, o cümlədən BTQ dəmir yolu xəttinin imkanlarını konfrans iştirakçılarının diqqətinə çatdıran şirkətin nümayəndələri yüklərin Qərb istiqamətində daşınmasında Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərini nümayiş etdiriblər.