Mərdəkan-Qala avtomobil yolunun tikintisi bitib

  • 8 Fevral, 2019 11:24
Mərdəkan-Qala avtomobil yolunun tikintisi bitib

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 55 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

Agentlikdən “Finans.az”a verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq avtomobvil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kub.m həcmdə qazılaraq çıxarılıb. Qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb. Bu işlərin həcmi 66 min kub.m-dir.

Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyyat borular atılıb. Optimal-çınqıl qarışığı ilə 22 sm hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 sm qalınlıqda əsasın üst layının təmiri aparılıb. Bu işlər 87 min kv.m sahəni əhatə edib. İri və xırda dənəli olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kv.m sahəni əhatə edib.

Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac olduğu üçün yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılıb. Bundan başqa layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi işləri görülüb.

Tikinti norma və qaydalarına uyğun olaraq aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədəd işıq dirəyi quraşdırılıb, 1200 kv.m sahədə yol ayrıcı və yol birləşmələri təmir edilib. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 15 km uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.