Mənfəət rekordu qırdı, lakin səhmləri ucuzlaşdı

  • 27 İyul, 2018 17:57
Mənfəət rekordu qırdı, lakin səhmləri ucuzlaşdı

Twitter sosial şəbəkəsi 2018-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Ötən ilin eyni rübü ilə müqayisədə şirkətin cəmi gəlirləri 24% artaraq 711 milyon dollara çatıb. Belə ki, şirkət gəlirlərinin 85%-ni, yəni 601 milyon dollarını platformada yerləşdirilən reklamdan əldə edib.

Finans.az xəbər verir ki, 2017-ci ilin ikinci rübündə 116 milyon dollar zərərdə olan şirkət, 2018-ci ilin ikinci rübünü 100 milyon dollar mənfəətlə bitirib. Bu mənfəət isə şirkət tarixində əldə edilən ən böyük xalis mənfəət olub.

Lakin hesabatdan məlum olub ki, Twitterin aylıq fəal istifadəçisi birinci rüb ilə müqayisədə 1 milyon azalaraq 335 milyona düşüb. Buna səbəb isə şirkətin saxta hesabların bağlanması ilə bağlı siyasəti olub.

Twitter ili mənfəətlə başa vursa da, azalan istifadəçi sayı şirkətin səhmlərini dəyərdən salıb. Twitterin bazar dəyəri də 32 milyard dollardan 26 milyard dollara düşüb.


Mənbə: money.cnn.com