Martda 330-a yaxın dövlət əmlakı hərraca çıxarılacaq

  • 28 Fevral, 2019 10:38
Martda 330-a yaxın dövlət əmlakı hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mart ayı üzrə keçiriləcək hərraclara ümumilikdə 330-a yaxın dövlət əmlakı çıxarılıb.

Komitədən “Finans.az”a verilən məlumata görə, bunlardan 82-si səhmdar cəmiyyəti, 224-ü kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və yarımçıq tikili, 22-si isə nəqliyyat vasitəsidir. Özəlləşdirilmə hərracları 5, 12, 19 və 27 mart tarixlərində saat 10:00-da Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Mart ayı üzrə keçiriləcək hərraclarda sərmayəçilər səhmdar cəmiyyətlərinin 30-45%-lik səhm paketlərini də özəlləşdirə bilər. Səhmdar cəmiyyətlərindən 8-i Yevlaxda, 6-sı Salyanda, 4-ü Kürdəmirdə qalanı isə digər şəhər və rayonlarda yerləşir. Onların aid olduğu iqtisadi sahələrə gəldikdə isə 30-u aqrar, 18-i inşaat, 16-sı sənaye, 12-si nəqliyyat, 6-sı isə xidmət istiqamətində ixtisaslaşıb.

Hərraca çıxarılan kiçik dövlət müəssisələri fəaliyyətistiqaməti, yerləşdiyi ərazi və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m-dən 9,3 min kv.m-ə qədərdir.

Az büdcə ilə biznesə başlamaq istəyənlər seçimini 31-i paytaxtda, 9-u Sumqayıtda, 3-ü Daşkəsəndə, 2-si Sabirabadda digərləri isə Samux, Gəncə, Şirvan, Bərdə və Tərtərdə yerləşən qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 11,9 kv.m ilə 266.7 kv.m intervalındadır.

Avtomobil sahibi olmaq istəyənlər mart ayı üzrə keçiriləcək hərraclarda istehsal tarixi 1999-2014 olan nəqliyyat vasitələrinin özəlləşməsində iştirak edə bilər. Qeyd edək ki, avtomobillərə təyin olunmuş ilkin hərrac qiymətləri 1440 manat ilə 10 min manat arasındadır.

Özəlləşməyə çıxarılan yarımçıq tikililərdən 3-ü Cəlilabadda, 2-si İsmayıllıda, digərləri isə Ağstafa, Lənkəran, Sabirabad və Mingəçevirdə yerləşir.