“Marketinq və PR üzrə” Ekspert Qrupunun yeni tərkibi təsdiqlənib

  • 19 İyul, 2019 15:46
“Marketinq və PR üzrə” Ekspert Qrupunun yeni tərkibi təsdiqlənib

18 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.

İclasın gündəliyində Qrupun tərkibinin yenidən formalaşdırılması, gələcək fəaliyyət istiqamətləri və digər məsələlər olub.

"Finans.az" xəbər verir ki, iclasda ilk olaraq Qrupun yeni tərkibi təsdiq olunub. Qrupun yeni sədri qismində “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirovun namizdəliyi irəli sürülüb və qrupun üzvləri tərəfindən dəstəklənib.

Əli Daşdəmirov Azərbaycan Dillər Universitetini bitirib. Daha sonra, Avstriyanın Karl-Franzens-Universität Graz “Biznes Administrasiya” fakultəsində və Almaniyanın Universität Bayreuth universitetində “Media Development” fakultəsində təhsil alıb.

2012-ci ildən etibarən “Bank Respublika”nın Marketinq Departamentinin rəhbəri vəzifəsində çalışır.

Daha sonra Qrup üzvləri gələcək fəaliyyət istiqamətləri və keçirilməsi zəruri olan layihələri müzakirə ediblər. Bank məhsulları haqqında müştərilər arasında sorğuların keçirilməsinin zəruriliyindən də danışılıb. Zəruriliyi nəzərə alaraq, sorğunun keçirilməsinə Qrup üzvləri də öz dəstəyini bildirib və sorğunun keçirilməsi təsdiqlənib.

Sonda müzakirə edilmiş məsələlər üzrə təkliflərin alınması və bu təkliflər üzərində geniş müzakirə aparılması qərara alınıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.