Maliyyə nazirinin açıqlaması devalvasiyadan xəbər verir? - Ekspert rəyi

  • 6 Dekabr, 2018 11:46
Maliyyə nazirinin açıqlaması devalvasiyadan xəbər verir? - Ekspert rəyi

"Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib".

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Samir Əliyev nazirin “manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikrinə rəy bildirib. Ekspert bildirib ki, bu açıqlama 2 ay öncə - neftin hər barelinin 90 dollara yaxınlaşdığı bir ərəfədə verilsəydi ciddi reaksiya doğurmazdı: "Lakin indi neft 60 dollara qədər ucuzlaşıb və qiymətlər 58-62 dollar arasında dəyişir. Yeni təqvim ili isə bir qayda olaraq insanların düşüncəsində şaxta baba və yolkadan çox qiymət artımı assosiasiyasını yaradır. Təsadüfi deyil ki, hər ilin sonu “yanvarda manat ucuzlaşacaq” kimi fikirlər gündəmi zəbt edir".

Ekspert bildirir ki, maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur.

Bəs manatın ucuzlaşması ixracı stimullaşdıracaqmı?

"Məşhur “Financial Times” qəzeti 107 inkişaf etməkdə olan ölkələrdə milli valyutaların ucuzlaşmasının ixraca və idxala təsirini araşdırıb. Araşdırma 2013-2015-ci illəri əhatə edib. Araşdırmanın nəticəsi göstərib ki, milli valyutaların devalvasiyası ixracın artımına gətirməyib, əvəzində idxal azalıb".

Bəs, Azərbaycanda devalvasiyanın ixraca töhfəsi nə olub? Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən 2014-cü ildə dollar 78 qəpik olanda qeyri-neft ixracımız 1,8 milyard dollar olduğu halda 2017-ci ildə bu göstərici 1,6 milyard dollara qədər azalıb.

İqtisadçı-ekspert Samir Əliyev

Devalvasiyasının ixracımıza təsirinin az olmasını əsas qeyri-neft ixrac tərəfdaşımız olan Rusiyada rublun ucuzlaşması ilə əlaqələndirə bilərik. Lakin rublun baha olması ən yaxşı halda meyvə-tərəvəz ixracımızı stimullaşdıra bilir. Digər səbəb idxaldan asılılığımızın yüksək olaraq qalmasıdır. Hətta ölkəni 100% təmin edən daxili istehsalın xammalını da idxal edirik. Deməli, devalvasiya həm də ixracımızı bahalaşdırır. Daha üçüncü səbəb maliyyə sektorudur. Maliyyə sabitliyi təmin olunsa da kövrəkliyini saxlayır. Növbəti devalvasiya bank və sığorta şirkətlərini çətin vəziyyətə sala bilər. Tədiyyə balansının vəziyyəti və neftin hazırki qiyməti hələki manatı qorumağa imkan verir. Böyük ehtimalla hökumət imkan daxilində məzənnəni sabit saxlamağa çalışacaq. Neftin qiymətində kəskin ucuzlaşma olmasa, hökumət manatın ucuzlaşması siyasətindən ən azı növbəti ildə də çəkinməlidir. Əsas diqqət isə struktur islahatlara yönəlməlidir, çünki yaxın gələcəkdə neft onsuz da ucuzlaşacaq.