Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib - ANALİTİKA

  • 18 Dekabr, 2018 11:39
Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib - ANALİTİKA

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (Federal Open Market Committe FOMC) növbəti iclası işə başlayır.

"Finans.az" “Report”un analitik qrupuna istinadən bildirir ki, sabah başa çatacaq iclasda uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

Xatırladaq ki, Komitənin bu il sentyabrın 25-26-da baş tutmuş iclasında uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılıb. Bu, 2018-ci ilin 3-cü faiz artımı olub. Mütəxəssislərin fikrincə, FED üçün neytal uçot dərəcəsi 3%-dir. Faizin bu həddində ABŞ-da iqtisadi artımın həm ləngimə, həm də sürətlənmə ehtimalı yoxdur. Odur ki, bu dəfəki iclasda da uçot dərəcəsinin azı 0,25faiz bəndi artırılacağı, 2019-cu ildə isə 3%-ə çatdırılacağı ehtimal edilir.

Bununla belə, bugünki iclasın nəticəsi barədə proqnoz vermək üçün bir sıra iqtisadi göstəricilər də nəzərdən keçirilməlidir. Məsələn, rəsmi statistikaya görə, bu ilin noyabr ayında ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə məşğul əhalinin sayı 161 min nəfər artsa da, ölkədə işsizlik səviyyəsi 3,7% səviyyəsində qalıb. Ay ərzində əmək haqlarının artım dinamikası proqnozdan 0,1 faiz bəndi az – 0,2% təşkil edib. İllik müqayisədə isə maaşların artımı 3,1%-lik səviyyəni qorumaqdadır.

Bununla belə, noyabrda ABŞ-da sənaye məhsullarının istehsalı proqnozdan 0,3 faiz bəndi çox – 0,6% artıb. Ay ərzində dünya bazarında qiyməti ABŞ dollarının məzənnəsindən asılı olan neft və qızıl ucuzlaşıb, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalıb, dollar avro və ingilis funt-sterlinqi qarşısında bahalaşıb. Yəni, Amerika valyutasının vəziyyəti elə də pis deyil və bütün bu amillər FED-in uçot dərəcəsini artırmayacağı fikrini yaradır.