Mağazaların "nisyə" satdığı mallar üçün ödənişlər niyə nağdsız qəbul edilmir? - EKSPERTLƏR

  • 7 Noyabr, 2018 14:25
Mağazaların

Məişət texnikası və elektronika məhsulları mağazalarının əksəriyyətində kredit ödənişləri niyə nağdsız formada qəbul olunmur?

"Finans.az" Azərbaycanda fəaliyyət göstərən məişət texnikası və elektronika məhsulları mağazalarında daxili kreditlərin nağdsız ödəniş formalarını araşdırıb və məlum olub ki, bu mağazaların yarıdan çoxunda nağdsız ödəmələrin həyata keçirilməsi mümkün deyil.

Ətraflı: Kreditə götürülmüş məhsullar üçün ödənişləri nağdsız etmək mümkündürmü?

Ödənişlərin nağdsız formada qəbul edilməməsinin səbəblərini müəyyən etmək üçün "Finans.az" bir sıra ekspertlərin məsələ ilə bağlı rəyini əldə edib:

Məsələni "Finans.az"a şərh edən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirib ki, məişət texnikası və elektronika məhsulları mağazalarında kredit ödənişlərinin nağdsız formada qəbul olunmamasının əsas səbəbi qeyri-rəsmi satışlardır.

Hüquqşünas-ekspert Əkrəm Həsənov

Məsələ əslində çox sadədir: söhbət vergidən yayınmadan gedir. Yəni, həmin mallar sözügedən mağazalar tərəfindən qeyri-rəsmi satılır. Məqsəd isə həmin satışları vergi orqanlarından gizlətmək və bu yolla da vergidən yayınmaqdır. Nağd ödənişlər zamanı mağazalar dövriyyələrini gizlədə bilirlər. Nağdsız ödənişlərdə isə bunu etmək mümkün olmur. Qanunvericiliyə görə, bu mağazaların hər birində POS-terminal olmalıdır və nağdsız hesablaşmaların bir forması kimi ödənişlər həm də POS-terminal vasitəsilə qəbul olunmalıdır. Nağdsız hesablaşmalar haqqında qanunvericilik vətəndaşdan ödənişlərini nağdsız etməyi tələb etmir, lakin hüquqi şəxslər, şirkətlər, mağazalar hər bir halda nağdsız ödənişləri qəbul etməkdən imtina edə bilməzlər, çünki bu, qanun pozuntusudur.



Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov isə həmin mağazalarda POS-terminalın mövcud olmasının mütləq olduğunu deyib.

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov​

Sahibkarlar pul ödənişini həm nağd, həm də nağdsız formada qəbul edə bilərlər. Həmin magazalarda isə POS-terminalın olması mütləqdir və əgər vətəndaş ödənişi POS-terminal vasitəsilə nağdsız formada etmək istəyirsə, sahibkar onu geri qaytara bilməz və qəbul etməlidir. Ola bilər ki, ödənişlərin sırf nağdsız formada qəbulu həmin ödənişlərin uçota alınmaması məqsədi ilə edilir. Gələn il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərdə sahibkarların POS-teminal ilə ödənişlərin qəbuluna marağını artırmaq üçün yeniliklər də yer ala bilər.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Finans.az"a açıqlamasında bildirib ki, gələn şikayətlərə əsasən bu mağazalarda kreditlərin nağd ödənişi zamanı müştərilərə kassa qəbzi verilmir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

2003-cü ilə qədər məişət mallarının kreditlə satışı bank nümayəndələri vasitəsilə həyata keçirilirdi. Lakin 2003-cü ildən sonra banklar həmin mağazalardan çıxarıldı və onların yerini alverçilər tutdu. Bizə gələn şikayətləri araşdırarkən məlum oldu ki, kreditlərin nağd ödənişi zamanı müştərilərə kassa qəbzi verilmir, sadəcə ödənilib yazılan ştamp vurulur. Bu mağazalarda istehlakçı hüquqlarının pozulması ilə bərabər şişirdilmiş qiymət də mövcuddur. Burda mallar əslində olduğundan baha qiytmətə satılır. Əhali məişət avadanlıqlarından borca düşür və ödənişi edə bilmədiyi üçün banklardan kredit götürür. Bu da problemli kreditlərin həcmini artırır. Əksər problemlər bu kreditlərin mərkəzləşdirilmiş qeydiyyatının aparılmaması ilə bağlıdır, bununla əlaqədar biz, dükanlar tərəfindən verilən daxili kreditlərin də mərkəzi reyesterdə əks olunmasını təklif etmişik.