Küləkdən aldığımız enerji 7,8 dəfə artıb

  • 16 Mart, 2019 12:40
Küləkdən aldığımız enerji 7,8 dəfə artıb

2019-cu ilin yanvar-fevral ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 368,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilən məhsulların həcmi 12,1% artaraq 49,4 milyon manat təşkil edib.

Bu ilin hesabat dövründə 4 178,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-fevral ayı ilə müqayisədə 1,4% çoxdur.

Bunun 3 829,2 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır. Küləklə işləyən stansiyaların enerji istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 7,8 dəfə artaraq 18,7 mln. kVt/saat, günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 15,9% artaraq 5,1 mln. kVt/saat olub.