“Kənd təsərrüfatındakı trendlərlə təhsil arasında sinerji olmalıdır” - MÜSAHİBƏ

  • 25 Dekabr, 2019 15:41
“Kənd təsərrüfatındakı trendlərlə təhsil arasında sinerji olmalıdır”  - MÜSAHİBƏ

Həmsöhbətimiz Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru, “Azərsun” holdinqdə, SOCAR-da rəhbər vəzifələrdə çalışmış, bir sıra aqroparkın yaradılmasında iştirak etmiş Rəşad Mehtiyevdir.

Azərbaycanda kənd təsərrüfatında müasir texnika və texnologiyaların tətbiqi həmin sektorun artım tempi ilə nə dərəcədə ayaqlaşır?

Ölkə rəhbərliyinin kənd təsərrüfatına göstərdiyi böyük diqqət və dəstəyi nəticəsində kənd təsərrüfatı sahələri sürətlə genişlənir. Bu zaman kənd təsərrüfatının artım templərinə cavab verən, effektivliyi təmin edəcək müasir texnika və texnologiyaların tətbiqinə zərurət yaranır. Bu gün müasir aqroparklar tikilərək istifadəyə verilir. Azərbaycanda aqroparklar ölkə Prezidentinin 2014-cü il aprelin 16-da imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılıb. Həmin parklarda çeşidləmə, qablaşdırma, saxlanma və sair bu kimi prosesləri təmin edən müasir texnika və texnologiyaların imkanlarından tam şəkildə istifadə etməklə maksimum nəticə hasil etmək məsələsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, onların düzgün qaydada istifadəsini, vaxtlı-vaxtında cari və dövri təmirini, saz vəziyyətdə fasiləsiz işləməsini təmin etmək vacibdir.

Buna nə dərəcədə nail olunur?

Öz təcrübəmdən deyə bilərəm ki, müvafiq ixtisaslaşmaya malik mühəndislərin yoxluğunda bütün bunların tam şəkildə realaşdırılması çətinləşir. Bu yaxınlarda bir şirkətdə oldum. Ən son texnoloji həlləri özündə əks etdirən çox dəyərli avadanlıq alıblar, lakin onu potensial imkanlarından çox aşağı fayda ilə işlədirlər. Səbəb isə çox sadədir. Həmin texnikaları zamanında öyrənməyiblər və digər imkanlarını bilmədikləri üçün onlardan istifadə zamanı əziyyət çəkirlər. Bu cür mənzərəyə tez-tez rast gəlinir. Məsələn, yüksək dəyərdə olan çeşidləmə avadanlığı alınır. Hansı ki, ağırlığa, çəkiyə və ya rəngə görə çeşidləməyə imkan verir. Lakin bir çox hallarda avadanlıq tam şəkildə mənimsənilmədiyi üçün yalnız ağırlıq üzrə çeşidləmə ilə məhdudlaşmaq məcburiyyətində qalırlar. Bu da istehsal prosesinin keyfiyyət göstəricilərinə birbaşa təsir edir.

“Kənd təsərrüfatındakı trendlərlə təhsil arasında sinerji olmalıdır”  - MÜSAHİBƏ

Məsələnin həllini necə görürsünüz?

Düşünürəm ki, hər şeyin kökündə təhsil durur. Kənd təsərrüfatındakı trendlərlə təhsil arasında müəyyən bir sinerji olmalıdır. Müasir çağırışlar tədris proqramlarında öz əksini tapmalıdır. Bu, şirkətlərin mürəkkəb və ən müsiar texnika və texnologiyarı işlədə biləcək ixtisaslı kadrlara olan ehtiyacını ödəyəcək və onlara texnoloji həllərdən maksimum fayda götürməyə imkan verəcək. Bir sıra holdinqlər artıq bu cür sinergiyanın zəruriliyini görərək öz akademiyalarını yaradırlar. Bununla da holdinq çıxışda əhəmiyyətli hesab etdiyi pozisiyalar üzrə yüksək ixtisaslı mütəxəssis əldə etmiş olur. Bu da texnika və texnologiyanın mənimsənilməsi ilə bağlı vaxt itkisini heçə endirir. Lakin bütün bunlar məsələnin, belə desək, texniki tərəfidir. Burada başqa mühüm məqamda mövcuddur.

Hansı məqam?

Söhbət kənd təsərrüfatında məhsuldarlığı artıran və itkiləri minimuma endirən müasir texnologiyaların tətbiqindən gedir. Belə ki, ölkə üzrə min hektarlarla meyvə bağları salınır. Bu bağların təbiətin mənfi təsirlərindən qorunması zərurəti hər zaman aktual olaraq qalır. Belə ki, meyvənin formalaşmasının ilkin mərhələsində tumurcuğa yağışın nüfuz etməsi onu zədələyir. Nəticədə meyvə yetişəndən sonra onun görüntusu və forması standartlara cavab vermir. Bununla da məhsulun çeşidlənməsində və satışında, o cümlədən ixracında problemlər yaranır. Günəş şualarının təsiri zamanı da analoji standartdan kənarlaşmalar baş verir. Digər tərəfdən, böyük miqdarda dolu ağaclara ciddi ziyan vura və bəzi hallarda məhsuldarlığı 30%-ə kimi aşağı sala bilər. Bu gün dünya təcrübəsində meyvə bağları günəş şualarının mənfi təsirindən və doludan sənaye tülləri vasitəsilə qorunur. Bu texnologiya sayəsində ağacların dərmanlanması zamanı da itkiləri minimuma endirmək mümkündür. Belə ki, tül dərmanın ətraf mühitə uçmasının qarşısını alır və onun ağacın lazım olan hissələrinə tam şəkildə təmas etməsini təmin edir.

Yəni bu kimi bir çox müasir texnologiyalar mövcuddur ki, onların tətbiqi aqrar sektorun növbəti inkişaf mərhələsinə keçidini xeyli sürətləndirə bilər.