Kassa çeki ilə xərcləri rəsmiləşdirmək olarmı?

  • 4 Sentyabr, 2019 11:21
Kassa çeki ilə xərcləri rəsmiləşdirmək olarmı?

Müəssisə öz ehtiyacları üçün pərakəndə satış məntəqəsindən nağd qaydada hər hansı mal aldıqda onun gəlirdən çıxılan xərclərə aid edilməsi üçün kassa çeki kifayət edirmi? Əgər kassa çekindən başqa sənəd (elektron qaimə-faktura və s.) yoxdursa, bu zaman hər hansı cərimə nəzərdə tutulurmu?

"Finans.az"Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Vergi Məcəlləsinin 108-ci maddəsinə görə, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Pərakəndə satış məntəqəsindən nağd qaydada aparılan əməliyyatlara görə xərclər gəlirin əldə edilməsi ilə bağlı olduqda və qanunvericilikdə nəzərdə tutulan qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası ilə rəsmiləşdirildikdə gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında cərimə tətbiq olunur.