"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb

  • 13 İyul, 2020 17:08

"Kapital Bank" ASC bu ilin I yarısını 170,6 milyon manat xalis mənfəətlə başa vurub.

"Finans.az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.

Yanvar-mart aylarında "Kapital Bank"ın gəlirləri 316,8 milyon manat (illik müqayisədə 19,1% çox), xərcləri 151,1 milyon manat (17,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 38 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 33,2 milyon manat (68,6% çox) təşkil edib.

Bu il iyulun 1-nə "Kapital Bank"ın aktivləri 4 870,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 33% çoxdur. Bunun 1 875,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,4% böyüyüb.

Hesabat dövründə "Kapital Bank"ın öhdəlikləri 32,2% artaraq 4 361,9 milyon manata, o cümlədən depozit portfeli 26,5% artaraq 3 625,8 milyon manata, balans kapitalı isə təxminən 40% artaraq 508,6 milyon manata çatıb.

“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır.


Mənbə: report.az