İşığa tətbiq olunan limit artırılacaqmı? - EKSPERT

  • 1 May, 2019 14:46
İşığa tətbiq olunan limit artırılacaqmı? - EKSPERT

Limit siyasətinin tətbiqi haqqında 2016-cı ilin noyabr ayının sonunda Tarif Şurası qərar qəbul edərkən limit həm elektrik enerjisi, həm də təbii qazdan aşağı tariflə istifadəyə eyni vaxtda tətbiq edilmişdi.

Lakin dünən Tarif Şurası yalnız təbii qazdan güzəştli istifadəyə qoyulan limitin artırılması haqqında qərar qəbul etdi və elektrik enerjisi haqqında heç bir qərar verilmədi.

Məsələni "Finans.az"a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, elektrik enerjisi ilə müqayisədə təbii qaz hasilatında son illər artım qeydə alınmaqdadır: "Ötən il ərzində qaz hasilatı 2017-ci il ilə müqayisədə əhəmiyyətli dərəcədə çox olub, eyni zamanda bu ilin birinci rübü ərzində də qaz hasilatının artımı davam edib. Bundan əlavə, ölkəxaricinə qaz ixrac edirik və onun qiymətində də müvafiq bahalaşmalar var. Yəni, Azərbaycan hökuməti son illər elektrik enerjisi ilə müqayisədə təbii qaz sahəsindən daha çox gəlir əldə edib. Düzdür, elektrik enerjisinin də ixracı ilə məşğul oluruq, istehsal da qənaətbəxşdir. Sadəcə olaraq, ötən ilin iyul ayında Mingəçevir İES-də baş vermiş məlum qəza göstərdi ki, elektrik enerjisi sahəsində problemlər və çatışmayan cəhətlər mövcuddur. Baxmayaraq ki, dövlət bu sahəyə xeyli miqdarda investisiyalar yatırmış, müxtəlif generasiya sahələri açılmış, elektrik enerjisi istehsal edən stansiyalar yaradılmışdı, lakin təkcə yay ərzində bir hadisə sübut etdi ki, bu sistemdə kifayət qədər ciddi problemlər var. Hal-hazırda Azərbaycan hökuməti Azərbaycan İES-in reabilitasiya məsələləri ilə bağlı müvafiq işlər aparmaqdadır və yenidən həmin sahəyə külli miqdarda vəsait xərclənir. Həmçinin Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Şimal-2” stansiyasının yaxın günlərdə açılacağı qeyd olunub".

İqtisadçı-ekspert Pərviz Heydərov

Bu nöqteyi nəzərdən, elektrik enerjisinin aşağı tariflə illik istehlak həcmi​nin artılacağı haqqında müvafiq qərar qəbul ediləcəyini hələ ki, gözləmirəm.

Ekspert əlavə edib ki, elektrik enerjisindən güzəştli istifadəyə tətbiq edilən limitlərin artırılıb-artırılmayacağını "Azərenerji"nin rəhbərliyi bilə bilər: "Çünki bununla bağlı Tarif Şurasına məhz onlar müraciət edir. Tarif Şurası isə müvafiq qərar qəbul edir. Məndə olan məlumata görə isə, bu barədə "Azərenerji" rəhbərliyi tərəfindən Tarif Şurasına hələki heç bir müraciət daxil olmayıb".