İş adamlarına istirahət etmək nə dərəcədə vacibdir? - RƏYLƏR

  • 29 Avqust, 2019 11:44
İş adamlarına istirahət etmək nə dərəcədə vacibdir? - RƏYLƏR

Yaxşı istirahət etmək yaxşı işləmək qədər vacibdir, çünki isti yay günlərini bütünlüklə iş başında olan, istirahət etməyən şəxsdən yeni mövsümdə fərqli ideya, iş gözləmək də olmaz.

Əmək müqaviləsi ilə hər hansı bir işdə çalışan insanların çoxu məzuniyyət hüququndan yararlanaraq istirahəti məhz yayda reallaşdırır, ən azı 1 ay ödənişli dincələ bilir. Amma şəxsi biznesi olan işgüzar insanlar istirahət etməkdən yayınır, bunu işin çoxluğu, biznesi başlı-başına qoymaq imkanının olmadığı ilə əsaslandırırlar.

İstirahət deyəndə isə hər kəs fərqli fikir səsləndirir. Kiminə görə istirahət ailəsinin yanında olmaq, kiminə görə fərqli yerlər gəzməkdir, digərinə görə isə işə aid hər şeydən uzaqlaşmaq.

Mövzunu "Finans.az"a şərh edən Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, işgüzar xanım Elnarə Nəhmədova bildirib ki, hər bir insanın istirahətə ehtiyacı var:

“Yayda mütləq istirahət edirəm, çünki hər bir insan kimi buna ehtiyacım var. Mənim üçün istirahət mütləq tanımadığım xarici ölkələrə səyahətə getmək deməkdir. Gündəlik qayğılardan dincəlmək üçün bahalı oteldə yaşamağı önəmli saymıram. İstirahət edirəmsə, deməli, ilk növbədə yeni ölkə, mədəniyyət və insanlarla tanış oluram. Buna görə dünyagörüşüm genişlənir, yeni bilik əldə edirəm.

Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı, işgüzar xanım Elnarə Nəhmədova

"Adətən 10 günlük tətilə gedirəm. Bu müddətdən artıq istirahət məni darıxdırır, topladığım güc və enerji isə kifayət edir”.


Bizdə artıq vəzifə bölgüsü və güclü menecmenti olan dəqiq sistem qurulub deyə öz biznesimə görə istirahət zamanı narahat olmuram. Hər halda işimi də 1 aylıq başlı-başına qoya bilmirəm. Adətən 10 günlük tətilə gedirəm. Bu müddətdən artıq istirahət məni darıxdırır, topladığım güc və enerji isə kifayət edir”.

İşgüzar xanım özünü normadan artıq çalışan zəhmətkeş insan saydığını vurğulayıb:

“Öz işimi sevirəm deyə zamanın necə ötdüyünü belə duymuram. Mən və işim bir yerdə ayrılmaz vəhdət təşkil edir. Özümü normadan artıq çalışan zəhmətkeş insan sayıram. Səyahət etməyə və bu yolla gündəlik stressi üstümdən atmağa vərdiş etdiyimdəm hər 2-3 aydan bir uzaq ölkələrə getmək üçün Bakıdan kənara çıxıram. Qalan dövrdə isə Türkiyəyə, uşaqlarımın yanına gedirəm”.

Bir neçə ildir məzuniyyətindən işgüzar səfərlər üçün istifadə edən dermatoloq Fərhad Qarayev işdən uzun müddət ayrı qala bilmədiyini qeyd edib:

“Həddən artıq işgüzar insan sayılmıram. Yayda istirahətə çıxmadığım üçün iş yükümü müəyyən qədər azaldıram. Lakin işdən uzunmüddətli ayrı qala bilmirəm. Çünki biz işlədikcə qazanırıq və beləliklə qazanmağa vərdişkar oluruq. Məzuniyyətə çıxanda isə özümüzü sanki pul itirirmişik kimi hiss edirik.

Dermatoloq Fərhad Qarayev

"İstirahətə ayrılan günləri isə bir nəçə hissəyə bölərək istifadə etmək daha praktikdir. Həm işi yadırğamırsan, həm də istirahətdən bezmirsən”.


Məzuniyyət, daha çox aylıq maaş alan insanların tələbatıdır. Çünki onlara məzuniyyətdə də işlədikləri qədər məvacib verilir, məzuniyyətə çıxmaqla pul itirmirlər. Bizim sahə isə bir növ xidmət sahəsinə bənzəyir. Bir nəfərdən asılı olan istənilən xidmət sahəsində demək olar ki, məzuniyyət anlayışı olmur”.

Həkim qeyd edib ki, öz işinin müdiri olduğuna görə istirahət üçün burnunun ucu göynəmir:

“Məzuniyyətimi daha çox işgüzar səfərlərə sərf edirəm. Ümumiyyətlə, passiv istirahət anlayışı mənə yaddır. Ona görə də uzunmüddətli, sakit istirahətə getmirəm. Dincəlsəm belə, aktiv həyatı seçirəm. Getdiyim yerdən nəsə öyrənməyə cəhd edirəm. Məzuniyyətə çıxmayanda həftəsonu əyləncə ilə istirahətimi əvəzləmiş oluram.

İstirahətə ayrılan günləri isə bir nəçə hissəyə bölərək istifadə etmək daha praktikdir. Həm işi yadırğamırsan, həm də istirahətdən bezmirsən”.

Psixoloq Könül Telmanqızı bildirib ki, işgüzar insanların istirahəti önəmli tutulmalıdır:

“Əgər bu insan ilboyu yüklü şəkildə işləyirsə, onun istirahəti əvəzedilməz olmalıdır. Həyatda hər şeydən öndə istirahəti önəmli tutmalıdırlar. Çünki ilboyu biznesdə bir çox problemlər yaşana bilər. Bu da insanın psixologiyasına mənfi təsir edir. İnsan bu mənfi təsirlərdən özünü yüklü hiss etməyə başlayır. Əgər insan bunu bir yerdə atmırsa, get-gedə stress, depressiya halları başlaya bilər. Yüklü şəkildə çalışan şəxslərdə, bəzən iş həyatından belə uzaqlaşmaq istəyi yarana bilər”.

Psixoloq Könül Telmanqızı

"Şərt deyil ki, hər istirahətdə xaricə səfərlər baş tutsun. Əsas olan oturaq həyatdan uzaqlaşmaq, təmiz havanı daha çox qəbul etmək, nizamli şəkildə gəzməkdir".


Psixoloqun fikrincə, hər bir işgüzar şəxs ən azı ildə iki dəfə normal istirahəti həyata keçirməlidir:

“Bu, qış və yay aylarında baş tuta bilər. Yay fəslində istirahət daha çox önəmlidir. Çünki istilər və yüklənmiş iş üst-üsdə yığılır. Alimlərin araşdırmasına görə, gərgin iş rejimində çalışan insanların ürək-damar sistemində problem olması halları daha çoxdur. Bu məsələ tək ürək problemləri ilə kifayətlənmir. İstirahətini düzgün qurmayan insanlarda psixoloji gərginlik də özünü çox göstərə bilər. Bu insanlar yükləmiş vəziyyətdə olurlar. Psixoloji stressdən digər insanlara qarşı aqressiv ola bilərlər. Yaxşı olar, insan öz sağlamlığını hər şeydən öndə tutsun”.

Könül Telmanqızı onu da vurğulayıb ki, imkanı olan insanların bir aylıq istirahət etməsi daha məqsədəuyğundur:

“Bu zaman həm ruh sakitləşir, həm də beyin dincəlir. İlboyu yığılan yorğunluq bu formada atıla bilir. İstirahətdən öncə insanın dərisində müəyyən solğunluq hiss olunur. İstirahətdən sonra isə dəridə baş verən təzələnməni görmək mümkündür. Şərt deyil ki, hər istirahətdə xaricə səfərlər baş tutsun. Əsas olan oturaq həyatdan uzaqlaşmaq, təmiz havanı daha çox qəbul etmək, nizamli şəkildə gəzməkdir. Bunlarla insan çox yüklənməyəcək, ilin sonunda istirahətini səbrsizliklə gözləyəcək. İldə iki dəfə istirahətlə psixologiya və ruh sağlam qalacaq”.