İpoteka və Kredit Zəmanət Fondu istiqrazlar üzrə faiz ödəyib

  • 3 Oktyabr, 2018 12:20
İpoteka və Kredit Zəmanət Fondu istiqrazlar üzrə faiz ödəyib

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan "Finans.az"a daxil olan məlumata əsasən, sentyabrın 28-də istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, 28 sentyabr 2018-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 899,96 AZN təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3%-lik faiz gəliri 899,96 AZN məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 899,96 AZN olması nəzərə alınmalıdır.