İnvestorlar uzunmüddətli dövlət istiqrazlarına ehtiyatla yanaşırlar - ANALİTİKA

  • 3 Sentyabr, 2018 13:12
İnvestorlar uzunmüddətli dövlət istiqrazlarına ehtiyatla yanaşırlar - ANALİTİKA

Avqustun 28-də Bakı Fond Birjasında təşkil olunmuş, Maliyyə Nazirliyinin 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmadı.

Finans.az-ın əldə etdiyi məlumata görə, “Report”un analitik qrupu xatırladır ki, buna səbəbi qiymətli kağızlarının gəlirliliyinin və tələbin məbləğinin emitenti qane etməməsidir.

Belə ki, hərraca 6 investor qiyməti 87,0792 manatdan (14,46%) 92,624 manata (12%) qədər olan 8 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 4 202 300 manat olub.

Hərracın baş tutmaması üçün müşahidə olunan ilk amil budur ki, Maliyyə Nazirliyi istiqrazlarının gəlirlilik dərəcəsini əvvəlki hərraclarda olduğu kimi 10% civarında saxlamağa çalışır. Lakin 3 illik investisiya müddəti üçün belə gəlirlilik investorları qane etmir.

Məsələ ondadır ki, uzunmüddətli investisiyalar makroiqtisadi faktorlara daha həssasdır. Uzunmüddətli investisiya dövründə gəlirliliyi təmin edəcək amillərin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Dünya bazarında neftin qiyməti, xarici ticarətdəki vəziyyətlə əlaqədar qonşu ölkələrin siyasi-iqtisadi balansı, geopolitik risklər kimi amillər qısamüddətli investisiyalarda investorları ciddi narahat etmirsə, uzunmüddətli investisiyaların nəzərdən keçirilməsində belə amillər müstəsna əhəmiyyət daşıyırlar.

Bundan başqa, investorların az maraq göstərdiyi qiymətli kağızların likvidliyi də az olur. Likvidlik özlüyündə mühüm risk amilidir və qiymətli kağızların hansı tezlikdə nağd vəsaitə çevriləcəyini göstərir. Bazarın likvid olmaması investisiyalarından imtina etmək istəyənlər üçün alıcı tapmağın problem olacağını göstərir. Bu baxımdan qısamüddətli kağızlar daha likviddir. Məsələn, Maliyyə Nazirliyinin bir illik istiqrazlarına maraq daha böyükdür.

Digər tərəfdən 3 illik istiqrazlara görə təklif olunan illik 10% civarında gəlirliliyi fərqli investisiya şərtləri və yaxud üstünlükləri ilə bank depozitləri də təmin edə bilər. Bu isə investorlar üçün alternativ seçim imkanları yaradır.

Hərracın baş tutmaması üçün diqqəti cəlb edən digər məqam odur ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği cəmi 4 202 300 manat təşkil edib. Bu isə Maliyyə Nazirliyinin 2018-ci ildə dövlət istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi üçün olan 15 mln. manatlıq avqust planından çox aşağı məbləğdir.

Qeyd edək ki, nazirliyin “2018-ci ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat”ına əsasən, hesabat dövründə dövlət büdcəsinin mədaxili 9 821,6 mln. manat, məxarici isə 9524,3 mln. manat olub. Bununla da büdcədə 297,3 mln. manat profisit yaranıb. Bu isə Maliyyə Nazirliyinin borclanma ehtiyaclarını azaldıb.


Mənbə: report.az