“Instagram”ın ən varlı ulduzlarının adları açıqlanıb

  • 29 Dekabr, 2019 17:30
“Instagram”ın ən varlı ulduzlarının adları açıqlanıb

2019-cu ildə “Instagram” hesabı vasitəsilə ən çox qazanc əldə edən ulduzların adları açıqlanıb.

"Finans.az" xəbər verir ki, bu barədə “The Sun” qəzetində “Buzz Bingo” şirkətinin dərc etdiyi məlumatda deyilir. Kriştianu Ronaldu 2019-cu ildə öz “İnstagram” hesabı vasitəsilə hamıdan çox qazanc əldə edib.

Məlumatda portuqaliyalı idmançı 38,2 milyon funt sterlinq qazandığı bildirilir. Ekspertlərin rəyinə görə, onun bir sponsorlu paylaşımı futbolçuya ortalama 780 min funt sterlinq gəlir gətirir.

Siyahıda ikinci yerdə isə argentinalı futbolçu Lionel Messi gəlir. 2019-cu ildə ulduzun “Instagram”dakı paylaşımları ona 18,7 milyon funt sterlinq qazandırıb.

Liderlər üçlüyünü amerikalı supermodel Kendal Cenner tamamlayır. O, sosial şəbəkə vasitəsilə 12,7 milyon funt sterlinq qazanıb. Bundan başqa, “Instagram”ın varlı ulduzları arasında Devid Bekhem və Neymar, müğənni Selena Qomes, model Kayli Cenner və onun bacısı Xloi Kardaşyan var.

Xatırladaq ki, bu ilin mart ayında Kayli Cennerin dünyanın ən gənc milyarderi olduğu məlum olub. Modelin etirafına görə, var-dövlətə görə o, sosial şəbəkəyə borcludur: öz biznesinə başlamadan öncə Kayli artıq xeyli abunəçiyə sahib idi.

Alparslan Öztürk


Mənbə: lenta.ru