İnkişaf etməkdə olan Asiya ölkələrinin iqtisadiyyatı azalacaq - son 60 ildə ilk dəfə

  • 15 Sentyabr, 2020 10:18
İnkişaf etməkdə olan Asiya ölkələrinin iqtisadiyyatı azalacaq - son 60 ildə ilk dəfə

Asiya İnkişaf Bankı (AİB) COVID-19 pandemiyasının qlobal iqtisadi fəaliyyəti ləngitməsi fonunda 2020-ci ildə inkişaf etməkdə olan Asiya ölkələrinin (45 ölkə) ÜDM-i 0,7% azalacağı proqnozlaşdırır.

“Finans.az”ın məlumatına görə, bu barədə AİB-in "Asian Development Outlook" (ADO) adlı yenilənmiş sentyabr hesabatında deyilir.

Hesabatda qeyd olunub ki, bu, regionda son 60 ildə qeydə alınacaq ilk resessiya olacaq. 2021-ci ildə regionda iqtisadi artımın 6,8% səviyyəsində olacağı gözlənilir. Lakin bu, pandemiyadan əvvəl verilən proqnozdan daha aşağıdır.

“Tələbin və ərzaq qiymətlərinin azalması inflyasiyanı sabit saxlayacaq. 2020-ci il üçün Asiyanın inkişaf etməkdə olan regionu üzrə inflyasiya proqnozu əvvəlki 3,2%-dən 2,9%-ə endirilib. Gələn il üçün proqnoz dəyişməz saxlanılıb – 2,3%”, - sənəddə qeyd olunub.

Qeyd edək ki, AİB-in proqnozlarına görə, Çin iqtisadiyyatı bu il 1,8%, gələn il isə 7,7% artacaq. Hindistanda isə ÜDM-in bu il 9% azalacağı, 2021-ci ildə isə 8% artacağı proqnozlaşdırılır.


Mənbə: apa.az