IIF: Qlobal borcun həcmi bu il rekord 277 trln dollara çatacaq

  • 19 Noyabr, 2020 12:17
IIF: Qlobal borcun həcmi bu il rekord 277 trln dollara çatacaq

Koronavirus pandemiyası və ona qarşı əks tədbirlər fonunda 2020-ci ilin sonunadək qlobal borcun həcmi rekord 277 trln. dollara və ya ÜDM-in 365%-nə yüksələcək.

“Finans.az” xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) hesabatında deyilir.

"Qlobal borc 2019-cu ildən bəri 15 trln. dollardan çox artıb və 2020-ci ilin III rübündə 272 trln. dollardan çox olub ki, bu da yeni bir rekorddur. Pandemiyaya qarşı maliyyə tədbirləri davam etdiyindən, qlobal borcun 2020-ci ilin sonuna 277 trln. dollara çatacağını gözləyirik (ÜDM-in 365%-i)", - hesabatda deyilir.

Qeyd edək ki, bu ilin martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyasının pandemiya olduğunu elan edib.

Pandemiya və koronavirusun yayılmasını məhdudlaşdıran tədbirlər qlobal iqtisadiyyata ciddi təzyiqlər göstərir. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə dərin bir tənəzzül olacağını proqnozlaşdırsa da, noyabr ayının ortalarında iyun proqnozu ilə müqayisədə daha az sərt olacağını bildirmişdi. İyun ayında BVF 2020-ci ildə qlobal ÜDM-nin 4,9%-ə düşəcəyini, 2021-ci ildə isə 5,4%-ə yüksələcəyini gözləyirdi. Hazırda isə Fond ÜDM-in 2020-ci ildə 4,4% azalacağını, 2021-ci ildə 5,2% artacağını proqnozlaşdırır.


Mənbə: apa.az