Daşınar əmlakın girov kimi geniş istifadəsi rəqabət mühitini artıracaq - AÇIQLAMA

  • 17 May, 2019 16:03
Daşınar əmlakın girov kimi geniş istifadəsi rəqabət mühitini artıracaq - AÇIQLAMA

Azərbaycan bankları girov kimi daşınmaz əmlaka üstünlük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və onların əksəriyyəti bankın maliyyələşmə tələblərinə cavab verə bilmir. Hazırda maliyyə təşkilatları kredit verən zaman qəbul etdiyi girovların 73%-i torpaq və daşınmaz əmlak, cəmi 27%-i isə daşınar əmlakdır.

"Finans.az" xəbər verir ki, bunu IFC-nin hüquq məsləhətçisi Aqil Abdullayev bu gün Bakıda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrənin İqtisadi Məsələləri üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə keçirilən daşınar əmlakın yüklülüyü ilə bağlı ədliyyə işçiləri üçün seminarda bildirib.

Onun sözlərinə görə, məqsədimiz bankların, maliyyə təşkilatlarının daşınmaz əmlak konsepsiyasından əl çəkib daşınar əmlakın girov kimi istifadəsini inkişaf etdirməkdir:

A.Abdullayev bildirib ki, indiki vəziyyət onların bilik və təcrübələrin az olmasından irəli gəlir: “Daşınar əmlak daha risklidir. Sözügedən təşkilatlar fermerə kredit ayıran zaman, həmin sahəni fermerdən də yaxşı bilməlidir. Amma daşınar əmlakın kreditləşmə həyata keçirildikdə girov kimi istifadə edilməsi bazarda rəqabəti artıra bilər. Sahibkar biznesini daha da genişləndirə bilər. İstehlakçı daha yaxşı məhsul əldə edə bilər. Bununla da kreditləşmənin diversifikasiyası baş tutur”.

IFC rəsmisi qeyd edib ki, hal-hazırda kiçik və orta sahibkarlar maliyyə mənbələrinə çıxışda problem yaşayırlar.

Xatırladaq ki, Azərbaycanda daşınar əmlakın yüklülüyü haqqında Qanunun 2017-ci ilin mayında qəbul edilib. Daşınar əmlakın yüklülüyü haqqında Dövlət Reyestri 2018-ci ilin mart ayından fəaliyyətə başlayıb. Daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirmə çərçivəsinin mövcudluğu maliyyə təşkilatlarının xidmət göstərilməyən, az xidmət göstərilən təbəqəyə və Kiçik və Orta Sahibkarları ( KOS) dəstəkləmək niyyətini gücləndirir.


Mənbə: report.az